EN

Ərdoğanın "Yəhudi Cəsarət Medalı" almasını İran niyə belə tonda təqdim edir?..


Xaqani Cəfərli: "Qənaətimcə, belə hərəkətlər İranı daha da təcrid edir və ehtimal olunan yeni hərbi müdaxilə qarşısında təcridini gücləndirir"

SEPAH Pasdaran Telegram kanalı yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Yəhudi Cəsarət Medalı" alan yeganə müsəlman olaraq qalır.

“Ərdoğan sionistlərin belə bir şərəfə layiq olması üçün nə etdi?!”, - kanal soruşur.

Onsuz da hər bir ölkə öz medalıni münasibət qurmaq üçün müəyyən dövlət başçılarına, nazirlərinə verir. Fransanın Legioner ordenini də çox adam alıb, o cümlədən onların arasında Azərbaycan vətəndaşları da var. Bu o demək deyil ki, onlar Fransanın dostu, Azərbaycanın isə düşmənidir... Azərbaycan da kifayət qədər dövlət başçılarına "Heydər Əliyev" ordeni verib. Ərdoğana da yəhudilər bu medali dövlətlərarası münasibətləri nizama salmaq üçün veriblər. Bunu belə vurğu ilə hallandırmağin nə mənası var? Bəli, İran rəsmiləri Turkiyəni və onun liderini həzm edə bilmirlər. Amma bu cür yanaşmalar Türkiyə ilə İranın munasibətlərini baltalayır. İsraillə müharibə günlərində Turkiyənin İrana verdiyi dəstək, İranın isə cavabinda Turkiyəni "suyun altindan vurması", "torpedo atəşinə tutması" nə dərəcədə doğrudur? İran teleqram kanalı Türkiyə ilə münasibətləri niyə belə baltalayır?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Xaqani Cəfərli bildirdi ki, İranın siyasi elitası iki yerə parçalanıb - hakimiyyətə əsasən nəzarət edən “qırğılar”ın İran prezidenti Məsud Pezeşkiana qarşı sərt, bəzən hətta aşağılayacı münasibətini nəzərə alanda SEPAH Pasdaran Telegram kanalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana belə münasibəti təəccüblü olmamalıdır: "Qeyd edim ki, prezident Məsud Pezeşkian son seçkidə seçicilərin 53.6 faizinin dəstəyini qazanaraq dövlət başçısı seçilmişdi. İndi onun seçicilərinə hörmət etməyən, İranın yeganə legitim rəsmisi olan bir şəxsə münasibətdə aşağılayacı reakisyalar göstərən şovinst dairələrin Ərdoğana qarşı “qurşaqdan aşağı zərbə”dən istifadə etməsi gözlənilən idi.

İranın radikal dairələri son zamanlar, Rusiya və Çin istisna olmaqla, bütün dövlətlərə qarşı qınayıcı münasibət göstərirlər. Ən son İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycana qarşı Pakistanı qızışdırmağa cəhd etmişdi.

Qənaətimcə, belə hərəkətlər İranı daha da təcrid edir və ehtimal olunan yeni hərbi müdaxilə qarşısında təcridini gücləndirir. Türkiyə isə belə hadisələrdən dərs almalı, İranı müdafiə etməkdən əl çəkməlidir".

Akif NƏSİRLİ

Chosen
10
baki-xeber.com

1Sources