EN

Heç kimin cavab tapmadığı sual...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

98-ci ildə köhnə “İkarus”la çadır şəhərciyindən böyük ümidlərlə çıxıb Bakıya üz tutanda avtobusun televizorunda balaca bir qızcığaz belə oxuyurdu: “Çoçukların günahı nə?..”

Onda heç mənim günah anlayışım da yox idi. Ağdamın işğalı məndən 5, mən də Güneldən 3 yaş balaca idim.

Günel o zaman əsl “O səs Azərbaycan” olmuşdu... Bizim tanrıya verdiyimizi sualı, Zeynalova milyonların baxdığı ekranda səsləndirirdi: “Silahların kölgəsində bəbələrin günahı nə?..”

Yeganə sualdır ki, heç vaxt cavabı tapılmır. Nə illər əvvəl, nə illər sonra... 

Dünən aclıq fəlakətinin yaşandığı Qəzzada evinə yemək aparmaq istəyən uşağın üzərinə növbədə gözləyərkən isti şorba dağılıb. Uşağın çığırtısı göyün yeddinci qatına çıxmışdı, həm çəkdiyi acıdan, həm də aclıqdan...

“Allah başından töksün” dedikləri bu deyildi...

Həmin günün axşamı belə bir xəbər yazırıq: Yevlaxda ata özünü asıb, birinci qrup əlil qızı Səbinə də aclıqdan ölüb.

Öz-özümə dedim: Yevlaxdakı Qəza... Qəzza yox ha, Qəza!

Qəza ərəb dilində hökm, son qərar deməkdir. 

Canına qıyan ata qızının həm qəzasını, həm də qədərini müəyyən edib.

Çünki 4 yaşından serebral iflic diaqnozu ilə yataq xəstəsi olan Səbinə nə yeriyə bilirmiş, nə də danışa. Kiməsə Qəzzadakı uşaq kimi “Mənə bir tikə çörək, bir qurtum su verin” deyə bilməyib. 

Səbinənin atası xanımının ölümündən sonra başqa qadınla ailə qurub, bir ay əvvəl də uşaqları olmadığı üçün boşanıblar. Bu da var olan övladını öz taleyi ilə baş-başa buraxaraq ölümə tərk edən atanın özünü asma səbəbi...

Heç kimi qınamıram! Bilirəm, xüsusən də bir kişi üçün yataq xəstəsinə baxmaq çətindir. Amma ata, dövlətin hər ay ailəyə ayırdığı 850 manatlıq müavinətin bir qismini Səbinəyə baxması üçün birinə verə bilərdi.

Bir-birinin qapısını pusan qonşular da yalnız evdən səs gəlmədiyini görəndə hadisədən xəbər tutublar.

İndi Səbinə üçün illər sonra Günelin oxuduğu o mahnıya yenidən qulaq asıram. Və danışa bilməyən qızın adından eyni sualı verib çoçukların günahının nə olduğunu bilməsəm də, buna səbəb olanlar barəsində fikrimi qətiləşdirirəm: 93-də də, Qəzzada da, Yevlaxda da günahkar böyüklər idi...

Emin Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
qafqazinfo.az

2Sources