EN

5-ci "Yüksəliş" müsabiqəsinin qalibi Əliağa Ağayev uğurunun sirlərini açdı... - MÜSAHİBƏ


“Qalibiyyət mənə iki əsas şey verdi - daha geniş və hərtərəfli platforma və daha böyük məsuliyyət”

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri ƏliağaƏlifağa oğlu Ağayev müsahibimizdir.

“Yüksəliş müsabiqəsinin əsas məqsədi ölkədə potensialı yüksək olan gənclərin üzə çıxarılması və ölkənin kadr ehtiyatı bankının yaradılmasıdır”

- Əliağa bəy, ilk olaraq özünüz haqqında məlumat verərdiniz və sizi tanıyardıq.

- Mən, Əliağa Ağayev 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2017-ci ildə İstək Liseyindən məzun olduqdan sonra bakalavr təhsilimi Hökumətlərarası təqaüd proqramı vasitəsi ilə Macarıstanın Szeged universitetində Biznesin idarəolunmasında İqtisadiyyat üzrə davam etdirmiş və oranı fərqlənmə ilə bitirmişəm. Məktəbdə oxuduğum dövrlərdən başlayaraq ictimai fəaliyyətlə məşğul olmuşam. Model United Nations konfranslarında həm iştirakçı, həm təşkilatçı olmuş, QHT sədrliyi etmiş və Macarıstanda Azərbaycan gənclər diasporasına rəhbərlik edən şəxslərdən biri olmuşam. Universitet dövründə ətraf mühitin mühafizəsi, təkrar emal və marketinq sahələrində biznesin inkişafı üzrə mütəxəssis və maliyyəçi olaraq çalışmışam. 2020-ci ildən Budapeştdə dünyanın ən böyük enerji şirkətlərindən olan ExxonMobil şirkətində çalışıram. Fəaliyyətimə maliyyə analitiki olaraq başlamış və 2 il yarım ərzində ilk rəhbərlik vəzifəsinə təyin olunmuşam. Hazırda maliyyə hesabatlarının bağlanışı, konsolidasiyası, xarici hesabatlılıq və biznes analitika üzrə rəhbər vəzifədə çalışıram. Karyeram boyu maliyyə, liderlik, idarəçilik və strateji və innovativ layihələrin təşkili sahələrində geniş təcrübə qazanmışam.

- “Yüksəliş” müsabiqəsini əvvəlki dövrlərdə izləmişdinizmi? Bu müsabiqəyə qatılmazdan əvvəl onun məqsədi barədə geniş məlumatınız vardımı?

- Bəli, əvvəlki illərdə keçirilən “Yüksəliş” müsabiqəsini izləyirdim və onun məqsədinin ölkədə potensialı yüksək olan gənclərin üzə çıxarılması və ölkənin kadr ehtiyatı bankının yaradılması olduğunu anlayırdım. Həmçinin, əvvəlki illərdə müsabiqəyə qatılmış və qalib olmuş insanlarla söhbətlərim əsnasında müsabiqə haqqında daha ətraflı məlumat əldə etmişdim. Bu səbəbdən də hər zaman düşünürdüm ki, uyğun vaxtda özümü sınamaq üçün əla platformadır.

- Necə oldu ki, “Yüksəliş” müsabiqəsinə qatılmaq barədə qərar verdiniz? Əvvəlcədən qalib olacağınıza ümidləriniz vardımı?

- Son illərdə həm peşəkar, həm də şəxsi inkişaf yolumda müəyyən mərhələyə çatdığımı və yeni çağırışlara ehtiyac olduğunu hiss edirdim. “Yüksəliş” bu baxımdan mənim üçün növbəti addım idi, yalnız özümü yoxlamaq və daha yaxşı tanımaq deyil, həm də ölkəm üçün daha faydalı layihələr həyata keçirmək imkanı qazanmağa bir platforma olacağını düşündüm. Qalibiyyət mövzusunda isə, açığı, hər kəs kimi inanırdım, amma real olaraq çox güclü rəqabət olduğunu da bilirdim. Bu səbəbdən əsas hədəfim proses boyunca öyrənmək və özümü inkişaf etdirmək idi.

-“Yüksəliş” müsabiqəsində iştirak etmək sizə hansı avantajları verdi?

- Fikrimcə, ən böyük üstünlük “Yüksəliş”in bizə qazanadırdığı geniş şəbəkədir. Bundan başqa, müsabiqə zamanı təqdim olunan, müxtəlif mövzuları özündə əks etdirən çalışmalar, strategiya tapşırıqları real idarəetmə bacarıqlarımı sınağa çəkdi. Bu vasitə ilə “Yüksəliş”də iştirak etmək, hər kəsin öz bacarıqlarını daha yaxından tanımaq üçün bir fürsətdir.

- Müsabiqə müddətində hansı mərhələ sizə çətin gəldi? Ən bəyəndiyiniz mərhələ hansı idi?

- Mənim üçün ən çətin mərhələ yarımfinalda və finalda real vaxtda verilən tapşırıqlar idi – çox məhdud vaxtda həm analitik düşünmək, həm komanda ilə razılaşmaq, eyni zamanda öz idarəetmə bacarıqlarını göstərmək lazım idi. Eyni zamanda, ən bəyəndiyim mərhələlər də məhz yarımfinal və final mərhələləri oldu. Bacarıqlı və güclü idarəetmə bacarıqları olan şəxslərlə rəqabət aparmaq və oxşar düşüncəli insanların əhatəsində olmaq müsabiqəyə xüsusi bir rəng qatır.

- Qalib olmağınız hədəflərinizdə, planlarınızda nələrisə dəyişdimi?

- Müsabiqəyə qatıldığım andan düşündüyüm və cavab axtardığım suallardan biri məhz elə bu idi, qalib olsam bu mənim planlarımda və professional karyeramda nə kimi dəyişikliklərə yol açacaq. Düşünürəm ki, qalibiyyət mənə iki əsas şey verdi - daha geniş və hərtərəfli platforma və daha böyük məsuliyyət. Bu artıq sadəcə şəxsi inkişaf deyil, ölkəm üçün konkret töhfə vermək öhdəliyidir. Planlarımda isə əsas dəyişiklik öz liderlik bacarıqlarımı daha da inkişaf etdirərək, gələcəkdə dövlətimizin strateji layihələrinə töhfə verə bilməkdir.

-Bu müsabiqəyə maraq çox böyükdür və sizdən sonra bu müsabiqədə iştirak etmək istəyənlərə bir sözünüz varmı?

- “Yüksəliş” müsabiqəsinə bir məktəb kimi yanaşmaq lazım olduğunu düşünürəm, qalib olmağa fokuslanmaqla yanaşı, ümumi prosesdən böyük çevrə yaratmaq üçün istifadə etmək və proses ərzində öz bacarıqlarınızı daha yaxından tanıyaraq, özünüzü daha da inkişaf etdirməyə fokuslanmaq lazımdır. Çünki hər mərhələdə qazandığınız dostluqlar, bilik və təcrübə özü böyük mükafatdır. Özünüzə inanın, amma hazırlığınızı da sistemli edin.

- Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərinin karyera tarixçəsini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, “Yüksəliş” müsabiqəsinin Prezident İlham Əliyevin sərəncamı ilə yaradılması və artıq 5 ildir uğurla davam etdirilməsi gənclərə olan diqqət, qayğı və inamın birbaşa göstəricisidir. Daha öncə qeyd etdiyim kimi, “Yüksəliş” müsabiqəsinin əsas məqsədi ölkədə potensialı yüksək olan gənclərin üzə çıxarılması və ölkənin kadr ehtiyatı bankının yaradılmasıdır. Lakin müsabiqənin aşıladığı vətənə xidmət, dürüstlük, obyektivlik kimi dəyərlər bütün gənclərə nümunə olmalıdır. Qaliblərin və finalistlərin böyük əksəriyyəti bu gün müxtəlif sahələrdə aparıcı mövqelərdədir və bu, gənclər üçün real motivasiya yaradır.

İradə SARIYEVA

Chosen
5
baki-xeber.com

1Sources