EN

Rusiyanın TASS agentliyi barədə Bakıda kəskin cavab tədbirləri görüləcək...


Azərbaycan və Rusiya arasında münasibətlərdə əvvəllər müşahidə olunmamış dərəcədə ciddi gərginlik davam edir. Bu, hər iki ölkənin maraqlarına zidd olsa da, gğrünən budur ki, məhz Moskva hadisələrin bu səpkidə inkişafında maraqlıdır.

Rusiyanın rəsmi TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması bunun növbəti təzahüründən və məqsədyönlü addımdan başqa bir şey deyil.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın AZAL-a məxsus təyyarəsini təsadüfən vurub və təyyarə Qazaxıstanın Aktau yaxınlığında düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Rusiya Qroznı səmasında AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürməyib. Bunun ardınca rusiyalı deputat Nikolay Valuyev Azərbaycanın Rusiyadakı diaspora qurumlarının bağlanmasını təklif edib. Daha sonra Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyaya buraxılmayıb. Əvvəldən əldə edilən razılığa baxmayaraq, Bakıdan Moskvaya uçan Azərbaycan nümayəndə heyətinin tərkibində olan millət vəkili Azər Badamovu Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. Bunun ardınca Rusiyada azərbaycanlılara qarşı zorakı reyd qeydə alındı. Yekaterinburqda iki azərbaycanlının ölümü, bir neçə nəfərin xəsarət alması, altı nəfərlə bağlı həbs qərarı verilməsi fonunda Kreml Bakı ilə münasibətlərini daha da gərginləşdirdi. Elə indi də soydaşlarımıza qarşı zorakılıqlar Rusiyada davam etdirilir. Rus mediası isə anti-Azərbaycan yazılarla dolub-daşır. İndi onların sırasına rəsmi media vasitəsi olan TASS da qoşulub. Hər şey erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda qanunsuz quraşdırılmasından qaynaqlanıb. Azərbaycan bu günlərdə həmin büstü söküb. Bu fonda TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Halbuki, Azərbaycanda belə bir adda yer olmadığını TASS da yaxşı bilir. Məsələyə dərhal Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən sərt reaksiya verilib. Qurumun mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, baş verənlər Azərbaycanın suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. O da qeyd olunub ki, Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında antiazərbaycan kampaniyasına qoşulub: “Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi “abidələrin” sökülməsi məntiqli, düzgün və qanunauyğundur. Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların antiazərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur. Cənab Şvıdkoyun bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, özündə cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir. Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəf(sizliy)inə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi. Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Şübhəsiz ki, TASS-da Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təsadüfi olmayıb. Halbuki, bu quruma da bəllidir ki, Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at ilxısı saxlanılırdı. Yuxarıda qeyd edildiyi kimi, 1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,“Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də prezident İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Dövlət Bayrağını ucaltdı. İndi dünya bu şəhəri məhz tarixi adı olan Xankəndi adı ilə qəbul edir. TASS-ın bunu görməzdən gəlməsi fonunda onda Azərbaycan da Rusiyanın ələ keçirdiyi bir çox yerləri tarixi adı ilə adlandıra bilər. Belə yerlər olduqca çoxdur. Məsələn, Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adları heç kimin yadından çıxmayıb. Düzdür, Bakının sərt reaksiyasından sonra Rusiya xəbər agentliyi TASS geri addım atmağa məcbur olub. Agentlik əvvəlcə verdiyi məlumatda “Xankəndi” əvəzinə separatçıların istifadə etdiyi “Stepanakert” adından istifadə etsə də, sonradan bu ifadəni “neytral” hesab edilən “Dağlıq Qarabağ” adı ilə əvəz edib. Amma məsələ burasındadır ki, Azərbaycanda indi “Dağlıq Qarabağ” adı da yoxdur, Qarabağ iqtisadi zonası var. TASS bunu da nəzərə almalı, qaş düzəltdiyi yerdə vurub gözü də çıxarmamalıdır.

SAMİRƏ

Chosen
86
1
baki-xeber.com

10Sources