Son həftələrdə ölkəmizdə havanın temperaturu olduqca yüksək keçir.
Xüsusən də isti havalar paytaxtda özünü daha çox biruzə verir. Bir çox hallarda Bakıda havanın temperaturu 39-40 dərəcə olur. Lakin belə isti havalarda belə işə getməyə məcbur insanlar var. Onların böyük əksəriyyəti işə getmək üçün ictimai nəqliyyatdan istifadə edirlər.
Əfsuslar olsun ki, şəhərətrafı bir çox marşrut xəttindəki avtobuslar da bu istiyə rəğmən kondisioner yoxdur. Metroda isə yeni vaqonlara yanaşı, kondisionersiz köhnə vaqonların da istismarı davam edir. Bəzi hallarda bu istidə qarşımıza köhnə qatarlar çıxır. Bu isə yolu tər içində və diskomfort keçirməyimizə səbəb olur.
Bəs dəhşətli dərəcədə isti olmasına rəğmən, nə üçün hələ də kondisionersiz vaqonlar və avtobuslar istifadə olunur?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, bu məsələ "Yol hərəkəti haqqında" Qanunda və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb:
"Yol hərəkəti iştirakçıları bütün "Yol hərəkəti" qaydalarına riayət etməlidirlər. Həddindən artıq isti havalarda da sərnişinlərin təhlükəsiz və komfortlu şəkildə daşınması vacibdir.
Daşınmanı həyata keçirən və nəzarət edən qurumlar koordinasiya içərisində olmalıdırlar. Həmçinin, onlara lisenziya veriləndə vətəndaşların rahatlıqla gedib-gəlinməsini təmin etmək öhdəlik qoyulmalıdır. Bu, qanunvericilikdə də öz əksini tapıb".
Ekspert qeyd edib ki, vətəndaşın ictimai nəqliyyatdan rahat istifadəsi mütləqdir:
"İsti havalarda ictimai nəqliyyatda kondisionerlərin istifadə edilməməsi qanuna ziddir. Bu kimi daşınmaya mənfi təsir göstərəcən hallarla qarşılaşan vətəndaşlar müvafiq qurumlara məlumat verməlidirlər. Çünki sərnişinlərin rahatçılığı daşınmanın əsas tələbidir".