EN

Aİ-də liderlik uğrunda mübarizə...

Fransanın Fələstin planı: liderlik ambisiyalarınin yeni aləti

Paris Yaxın Şərqə “xaç yürüşü”nə hazırlaşır?

Aİ daxilində uzun illərdir ki, davam edən “liderlik” marafonu hələ də davam etməkdədir. Post-Merkel dövründə bu marafon daha da qızışıb - xüsusilə, Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra Almaniya-Fransa “dueli” bütün sahələr üzrə özünü əks etdirib. Olaf Şolts dövründə bu məsələ bir az səngisə də, görünən budur ki, mübarizə yenidən aktiv fazaya qədəm qoyacaq. Bunun bir səbəbi isə Britaniyanın yenidən Aİ-yə qayıtmaq perspektvi ilə izah olunur.

Qeyd edək ki, müəyyənləşdirdiyi və yürütdüyü həm daxili, həm də xarici siyasət kursu iflasa uğrayan, ölkəsini sosial problemlərin cənginə “atan”, eləcə də irqçiliyin, dini-irqi ayrı-seçkiliyin daha da artmasına rəvac verən Emmanuel Makron bu “mübarizədə” önə çıxmaq üçün müxtəlif manipulyasiyalara əl atır. Fransa prezidentinin “Fələstin sevgisi” də məhz buradan qaynaqlanır. Xatırladaq ki, Makron “X” sosial şəbəkəsində bildirib ki, Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. “Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, - o qeyd edib.

Onun sözlərinə görə, hazırda Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır.

Əsas hədəflər...

Bəli, Fransanın Fələstin siyasəti humanitar diplomatiyadan daha çox siyasi-ambisiyalı strateji platforma xarakteri daşıyır. Bu siyasət bir neçə məqsədi hədəfləyir:

- Aİ-də liderliyi ələ almaq və Almaniya  Britaniya kimi oyunçularla rəqabət aparmaq;

- Yaxın Şərqdə tarixi təsir zonalarını bərpa etmək;

- Qlobal ənubda nüfuz qazanmaq və müstəqil Avropa aktoru imici formalaşdırmaq;

- Daxili siyasi balans və immiqrasiya məsələlərini yönəltmək.

Fransanın bu planı Fələstinin müstəqilliyinə deyil, daha çox öz gələcəyinə və Aİ daxilində güc əldə etməyə hədəflənir.

Makronun ifşası...

Maraqlıdır ki, Makronun “Fələstin sevgisi”nin əsl mahiyyəti heç də gizli qalmayıb. Dünyanın bir sıra siyasət adamları və KİV-lər bu məsələyə münasibət bildirərək bunu Makronun yeni planı adlandırıb. Məsələn, Türkiyənin “Tercüman” nəşrinin analitik materialında qeyd edilir ki, Parisin Fələstin Dövlətini tezliklə tanıyacağı ilə bağlı bəyanatları fələstinlilərə dəstək məqsədi daşımır. Əksinə, beynəlxalq gündəmdə parçalanmanın müşahidə olunduğu müasir Avropada Fransanın mövqeyini gücləndirməyə yönəlib. Prezident Emmanuel Makron Qərbdəki fələstinpərəst əhvali-ruhiyyədən istifadə etməyə və bu yolla qitədə liderlik uğrunda yarışda Almaniya və Böyük Britaniyadan irəli çıxmağa çalışır. “Makronun hesablaması belədir ki, Berlin və London ictimaiyyətin təzyiqi nəticəsində Parisin ardınca gedərək Fələstin Dövlətini tanımağa qərar versə, “Fransa artıq beynəlxalq arenada öz “rəqiblərindən” xeyli irəlidə olacaq”, - deyə qeyd olunub.

Qəzet, həmçinin Yaxın Şərqin bəzi ərazilərinin vaxtilə Fransa mandatı altında olduğunu da xatırladır. “Parisdə müstəmləkəçilik dövrünü unutmayıblar və bu fonda Avropa İttifaqında “birincilik” uğrunda mübarizə aparırlar. İlk mərhələdə Makron administrasiyası Yaxın Şərq ölkələrinin siyasi dəstəyini qazanmağa çalışacaq, daha sonra isə söhbət iqtisadi dividendlərdən gedəcək”, - deyə nəşr vurğulayır. Qeyd olunub ki, Avropanın özündə, o cümlədən Fransada da Makronun səmimiyyətinə şübhə ilə yanaşanlar az deyil.

Qeyd edildiyi kimi Makronun Fələstin dövlətini tanıyacağını elan etməsi daha çox Aİ daxilində liderlik uğrunda geosiyasi avantaja çevrilmək məqsədi güdür. Hazırda Aİ-nin dominant gücü kimi Almaniya görünür, lakin Almaniyanın Yaxın Şərq məsələsində “daha ehtiyatlı və passiv” mövqeyi Fransa üçün boşluq yaradır. Bu boşluğu “cəsarətli diplomatik jestlərlə” doldurmaq istəyən Fransa özünü Aİ-nin “qeyri-rəsmi vicdanı və lideri” kimi göstərmək niyyətindədir.

Britaniya isə “Brexit”dən sonra Aİ-dən ayrılsa da, son aylarda Aİ ilə müəyyən yaxınlaşmalar müşahidə olunur. Fransanın bu təşəbbüsü həm də Britaniyanın potensial Aİ-yə təsir gücünü neytrallaşdırmaq üçün də hesablanıb.

Kolonializmə qayıdış planı...

Fransanın bu “mövqeyi” bir çox istiqamətlərdən izah olunur. Məsələn, bir çox siyasi ekspertlər bunu Parisin Yaxın Şərqə müdaxilə üçün özünə siyasi vasitə hazırlaması kimi izah edir. Onlar bildirirlər ki, Fransanın Fələstin məsələsində aktiv mövqe sərgiləməsi tarixi kontekstdə də anlam qazanır -  XX əsrin əvvəlində Fransa Suriya və Livanı Says-Piko sazişi çərçivəsində öz mandatı altında idarə edirdi. Bu ölkələrin müstəqillik qazanması ilə Fransanın Yaxın Şərqdəki mümkün varlığına da son qoyuldu. Yeni dönəmdə Parisin Fələstin məsələsinə xüsusi həssaslıqla yanaşması isə yalnız “humanitar dəyərlərə” söykənmir. Tam əksinə, Yaxın Şərqdə yenidən təsir zonası formalaşdırmaq, xüsusən də Ərəb dünyasında nüfuzunu artırmaq məqsədi daşıyır. Makron bu yolla həm də Aİ-nin artıq bir neçə ildir ki, bölgədə yox olan nüfuzunu yenidən üzə çıxarmağa çalışır - amma Fransa prezidenti buna nail olduğu təqdirdə “nailiyyəti” Aİ adına Fransanın “ayağına” yazacaq.

Makron administrasiyası Fələstin məsələsində fəallıq göstərməklə həm regional dövlətlər (Səudiyyə Ərəbistanı, İordaniya, Misir), həm də İslam Konfransı Təşkilatı çərçivəsində Fransaya müsbət baxış formalaşdırmaq, post-kolonial münasibətlərdə yeni səhifə açmaq istəyir. Bu isə Fransanı həm ərəb kapitalı, həm də diplomatik güc baxımından daha avantajlı mövqeyə gətirə bilər.

Parisin yoxsa Aİ-nin “iradəsi”?

Burada ən mühüm məqamlardan biri də Aİ-nin xarici siyasətdə ortaq və vahid mövqe nümayiş etdirməkdə çətinlik çəkməsidir - Makron yaranan situasiyadan istifadə edərək artıq “öz adından danışmaq” imkanı əldə edib. Fələstin məsələsi bu mənada, ideal vasitədir: humanitar, hüquqi və diplomatik yönləri ilə kompleks, lakin bir çox Aİ ölkəsinin ehtiyatla yanaşdığı bir sahə olaraq Fələstin üzərindən Fransa özünün dominant rolunu sübut etmək niyyətindədir. Fransa bu boşluqda təşəbbüs irəli sürməklə həm daxildəki passivliyi pozur, həm də Aİ-nin xarici siyasətində “lider ölkə” roluna yiyələnməyə niyyətlənir. Makronun bu siyasəti bir növ “qaydaları müəyyənləşdirən Avropa” ideyasının Fransanın iradəsinə tabe olmasını önə sürür.

Daxilə mesaj: Aİ içində güc mərkəzi...

Vurğulandığı kimi, Makronun Fələstinlə bağlı qərarlarının alt mahiyyətində həm də daxili auditoriya üçün mesaj gizlənir. Fransada artan müsəlman əhalisi, anti-immiqrasiya çağırışları və radikal sağın yüksəlişi, dini ayrı-seçkiliyin güclənməsi fonunda Makron özünü həm müsəlmanlara qarşı ədalətli, həm də liberal-humanist dəyərləri qoruyan lider kimi göstərməyə çalışır. Fələstin dövlətinin tanınması bu mənada, seçki strategiyası və sosial balans vasitəsi rolunu da oynayır.

Paralel olaraq Makron Fələstin məsələsində ABŞ və İsrailin tənqidlərinə rəğmən, açıq-aşkar fərqli mövqe sərgiləməklə Avropanın “müstəqil strateji aktora çevrilməsi” vizyonunu da gücləndirir. Bu addım eyni zamanda NATO daxilindəki ziddiyyətləri, ABŞ-Avropa münasibətlərindəki “asılılıq problem”nin həllində Fransanın diplomatik kartı sayılır. Fələstin dövlətini tanımaqla Fransa “Vaşinqton nə düşünürsə, biz onu təkrarlamırıq” mesajını verir. Bu da xüsusən anti - Qərb mövqeyində olan ölkələrin Fransaya olan rəğbətini artırmaq və multipolar dünya quruculuğunda Avropanı lider mövqeyə çıxarmaq istəyi ilə izah olunur.

P.İSMAYILOV

Chosen
15
1
yeniazerbaycan.com

2Sources