EN

Antisülh simfoniyasının son akkordları: Onu kimlər ifa edir?

Sülh və sabitlik hər bir regionun iqtisadi inkişafının əsas şərtidir. Cənubi Qafqaz uzun illərin qanlı müharibələrindən sonra davamlı və layiqli sülhə heç vaxt indiki qədər yaxın olmayıb. Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra tərəflərin ritorikası və mesajları bu qənaətə gəlməyə əsas verir. Sanki sülh əl uzatsaq çatacaq qədər yaxınımızdadır. Ancaq təəssüflər ki, bu məsafəni yenidən uzatmağa çalışan qüvvələr var.

Makron Fransası iş başında

Bu qüvvələrin başında həmişə olduğu kimi, yenə də Emmanuel Makron Fransası dayanır. Paris 2022-ci ildəkinə bənzər şəkildə yaxınlaşan sülh axınının istiqamətini çıxmaza yönəltmək üçün əməli fəaliyyətə keçib. İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsü irəli sürülüb. Sülh prosesinə əngəl yaradacağı əsas gətirilərək Bakı və İrəvan arasında ikitərəfli razılaşmalar əsasında sülh gündəmindən çıxarılan məqamların əks olunduğu bu bədnam qətnamə layihəsinin indiki məqamda ortaya atılması təsadüfi sayıla bilməz.

Antisülh simfoniyasının son akkordları

Qətnamədə yer alan bölgədən könüllü şəkildə çıxıb gedən ermənilərin geri qaytarılması, hərbi cinayətlər törətməkdə ittiham olunan ermənilərin sərbəst buraxılması kimi iddialar hətta İrəvanın özü tərəfindən də dəstəklənmir. Ancaq Parisin bəzi üzdəniraq siyasətçiləri erməni lobbisindən aldıqları milyonların haqqını vermək üçün ikitərəfli razılaşmaları gözardı etməkdən belə çəkinmirlər. Bu “təşəbbüs” Makron hakimiyyətinin də maraqlarına cavab verir. Çünki Cənubi Qafqazdakı casus fəaliyyətinə endirilən ağır zərbə, sülh prosesindən Bakının dəmir siyasi iradəsi ilə kənara atılması Parisin siyasi ambisiyalarına ciddi zərbə vurub. Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların fransız üslubuna uyğun olmayan şərtlərlə açılması isə bu prosesdə son öldürücü zərbə sayılır. Paris tamamilə nokauta düşməmək üçün özünün antisülh simfoniyasının son akkordlarını çalır.

Eyni anda iki “təşəbbüs”

Əslində sülhə əngəl olmaq üçün başlayan bu kampaniyanın start düyməsinin haradan basıldığı heç kimə sirr deyil. Prosesin əsas təşəbbüskarı mövcudluğunu, qazanc mənbəyini Azərbaycan və Ermənistan arasında hərbi münaqişənin varlığından əldə edən erməni lobbisidir. Fransa ilə eyni anda ABŞ Konqresində də təxminən eyni məzmunlu müraciətin hazırlanması bu iddiaları doğruldur. 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırış ediblər. Müraciətə imza atanlar isə həmişə olduğu kimi, özünün qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon kimi adlardır.

Chosen
12
2
publika.az

3Sources