EN

Qəlbimizdə qalan arzular… Vüqar Hacıyev YAZIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sonuncu dərs

1988-ci ilin payızı sanki əvvəlki illərin payızına bənzəmirdi. Yazada, yayda əkilən əkinlərin məhsulu payızda toplanır, sevinclə qışa tədarük görülür, nədən əskiklik vardısa insanlar onu tamamlamağa çalışırlar. Amma bu payız sanki baş verəcək kədərli hadisələrin havasını insanlara duyururdu. Böyüklərin üzü əvvəlkitək gülmürdü. Elə bil Qərbi Azərbaycanın Loru mahalının Kalinino rayonunun azərbaycanlı əhalisinin böyüklərinin ürəyinə vətəndə sonuncu payızı yaşadıqları dammışdı.

Mən Kalinino rayonunun Kuruqlaya-Şişka (Malakan) kəndində anadan olmuşam. Atam yol qəzası nəticəsində dünyasını dəyişəndən sonra 8 aylığımda babam məni özünün yaşadığı Evli kəndinə apararaq öz himayəsində böyüdüb.

İndiyə qədər gözümün qabağından getmir. 1988-ci ilin noyabrın 22-si həftənin ikinci günü idi.  Evli kəndində 8-ci sininfdə oxuyurdum. Zəng içəri vurulmuşdu. Şagirdlər əmək təlimi dərsini tədris edən Hümbət müəllimin yolunu gözləyirdilər. Çox keçmədiki Hümbət müəllim qəribə bir halda sinifə daxil oldu. Salam verdikdən sonra ağır-ağır nəfəs alaraq…

-Bu gün dərs olmayacaq. Hamı kitab-dəftərini götürüb evinə getsin.

Başqa heç nə demədi. Düzü nə baş verdiyini anlamadıq. Şagird dostlarımla məktəbdən ayrılanda ağlımıza da gəlməzdi ki, bu vətənimizdə bizim sonuncu dəfə məktəbdən evə qayıtdığımız gün olacaq. Həmin gün biz 8 il ayaq döydüyümüz məktəbimizlə vidalaşdıq.

Evlililərin evsiz qaldığı gün…

Hər şey bizə yuxu kimi gəlirdi. Sanki hamı harasa tələsirdi. Rayon mərkəzində yaşayan soydaşlarımızdan da kəndə gələnlər var idi. Hamı Kalinino rayonuda yaşayan 90 yaşlı Məhəmməd kişi və onun şücaətindən danışırdı. Hadisənin qısa məzmunu belə idi. Məhəmməd kişi əlində tapanca ilə evinə hücum edən erməni daşnaklarına qarşı son nəfəsinə qədər müqavimət göstərmişdi. Bu hadisə Kalinino rayonunda yaşayan bütün soydaşlarımızı təsirləndirmişdi. Yaşadığım Evli kəndində insanlar həyacan içərisində idilər. Tez-tez erməni vəhşiliyi ilə bağlı xəbərlər yayılırdı. Hətta deyirdilər ki, erməni daşnakları Evli kəndinə də hücum planlaşdırırlar.

Kənddə heç kimin əli işə-gücə yatmırdı. Üfüqdə yaxşı heç nə görünmürdü.  Nəhayət kəndin ağsaqqalları belə qərara gəldilər ki, kişlər öz ailələrini Gürcüstanın Borçalı mahalında Başkeçid rayonun Saatlı və Muğanlı kəndlərinə, nisbətən təhlükəsiz yerə aparsınlar. Belə də etdilər. Qonşu Kuruqlaya-Şişka kəndlərindən anam və qardaşım da qismən təhlükəsiz hesab olunan Kalinino rayonunun Dəmirçilər kəndinə gəlmişdilər. Həmin vaxt gecə saatlarında Qarakilsə kəndindən erməni dığaları Kuruqlaya-Şişka kəndinə gələrək Qurbanovlar ailəsinin yaşadığı evə basqın etmişdilər. Hadisə belə olmuşdu.

Ermənilər Qurbanovların yaşadığı evə girərək onları öldürməklə bölgədə yaşayan azərbaycanlıları qorxutmaq, onların öz evlərinin tezliklə tərk etməsinə nail olmağı düşünürlər. Beləliklə Qurbanovlar ailəsinin evinə basqın olunur. Məqsəd bütün ailənin qətlə yetirilməsi idi. Evə basqın olanda evin gəlini Güldərən xanım özünü pəncərədən ataraq kəndi köməyə çağırır. Kənd sakinlərinin duyuq düşdüyünü görən ermənilər tez qaçıb aradan çıxırlar. (Çox təəssüflər olsun ki, Qurbanovlar ailəsi keçirtdiklər bu dəhşətli hadisənin təsirindən çıxa bilmədilər və sonradan xərçəng xəstəliyinə tutlaraq dünyalarını dəyişdilər.

Qurbanovların bu ailə faciəsi geniş bir ədəbiyyat mövzusudur. Ümid edirəm ki, yazarlarımız bu faciəyə səssiz qalmayacaqlar və onların ailə dramı ilə bağlı əsərlər yazılacaq-V.H) Kənd sakinlərinin duyuq düşdüyünü görən ermənilər qorxaraq qaçıb aradan çıxmışdılar. Bu hadisədən sonra kənddə yaşayan azərbaycanlılar kəndin sovetliyi yerləşən Medovka kəndinin mərkəzinə toplaşaraq ermənilərin basqınlarına öz etirazlarını bildirməklə yanaşı günahkarların cəzalandırılmasını tələb edirlər.

Qeyd edim ki, bir sovetlikdə birləşən Medovka və Kuruqlaya-Şişka kəndlərində azərbaycanlılar, kürdlər, malakanlar və ermənilər birlikdə yaşayırdılar. Soydaşlarımızın etirazını kənardan müşahidə edən ermənilər kinayə ilə  “bu gecə baş verənlər hələ jurnaldı. Kino hələ qabaqdadı” deməklə azərbaycanlıları təhdid edirlər. Erməni dığalarının bu sözlərinə dözə bilməyən bibim Gözəl Hacıyeva həmin vaxt ermənilərdən birinin üzərinə şığıyaraq ona möhkəm bir şillə vurur. Bundan sonra başda Qurban Hacıyev olmaqla soydaşlarımız kənarda dayanan erməniləri mühasirəyə alaraq döyürlər. Dığaların döyüldüyünü görən, həmin vaxt dükanda işləyən erməni qadın qonşu Qarakilsə kəndinə kömək çağırmaq üçün qaçır. Hadisələrin getdikcə qızışdığını görən kolxoz sədri Vartkez azərbaycanlılara bildirir ki, vəziyyət daha da pisləşməmiş kəndi tərk edin.

Ömrün qışı

Artıq ox yaydan çıxmışdı. Vəziyyətin düzələcəyinə ümidlər azalırdı. Heç kim ata-baba yurdunu tərk etmək istəmirdi. Hamı qarşıdan gələn qışı isti ocağının başında keçirməyi düşünürdü. “Sona qədər mübarizə aparaq, ölsək də öz evimizdə ölmək” bu hamının ürəyindən keçən bir hiss idi. Dünənə qədər süfrəmizin başında əyləşən, kirvə deyib get-gəl eyləyən bizimlə ana dilimizdə bizə yaltaqlıq edən ermənlərin iç üzü açılmışdı. Ermənilər quduz itə bənzəyirdilər. Kəndimizdə xəbərlər dolaşırdı ki, ermənilər gecəykən kəndə soxulub evləri yandırmağı düşünürlər. Moskvaya da ümidlər azalırdı. Sovet rəhbərlərinin anti-azərbaycan çıxışları qalan ümidlərimizi puç edirdi. Amma ümid sonda ölür deyiblər. Bəlkədə içimizdə ölməyə qoymadığımız həmin ümid idi ki, heç kim evindən bir əşyada götürmədən evlərini tərk edərək piyada dağ çığırlarından keçərək, Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri ilə həmsərhəd olan Kalinino rayonunun Dəmirçilər kəndinə gəlmişdilər.

Həmin vaxt Dəmirçilər kəndinə Sovet ordusunun çoxlu sayda zirehli texnikası və əsgərləri yerləşdirilmişdi. İlk baxışdan sovet əsgərləri insanların xəyalında bir xilaskar obrazı canlandırırdı. Amma onların bizə qarşı soyuq münasibətləri əslində onların ermənilərin maraqlarına xidmət etmək üçün ora gətirildiyini sübut edirdi. Dəmirçilərdə də günü-gündən vəziyyət pisləşməyə başladı. Hər keçən gün geri qayıtmaq ümidimiz bir az da azalırdı. Kimi Gürcüstanın digər ərazilərində yaşayan qohumlarına kimi də Azərbaycana pənah gətirdi.

Qaçqınlıqda keçən ömür

Dumanisi (Başkeçid) rayonunun Səfərli kəndində yaşayan qohumlarımıza pənah apardıq. Kalinino rayonun azərbaycanlı əhalisi demək olar ki, Azərbaycanın rayonlarına səpələndilər. Səfərli kəndində qohumlarımıza artıq yük olmamaq üçün İsmayıllı rayonunun Qoşakənd kəndinə gəldik. İki ay orda məskunlaşdıqdan sonra Bakı şəhərinin Mərdəkan qəsəbəsinə köçdük. Mərdəkan qəsəbəsində orta təhsilimi başa vurdum. Bakıda Ali təhsil aldım.

İndi həmin günlərdən düz 37 il ötür. Bu 37 ildə qazandığımız çox olsada ikirdiklərimiz daha çox oldu. Dayım, babalarım, nənələrim, əmim hamısı yurd həsrəti ilə haqqın dərgahına qovuşdular. Elə bir gün, elə bir məclisimiz olmadı ki, Qərbi Azərbaycanda keçirdiyimiz günləri xatırlamayaq. O yaylaqları, o dağları, o düzləri, buz kimi bulaqları bir anda olsun belə unutmadıq.

Hətta ən ağır xəstələrimiz belə ölüm yatağında başları üzərində Qərbi Azərbaycanın saz havalarını dinləyib ölməyi arzuladılar. Onlar vətən həsrətini hər tonunda bir nisgil, bir nalə olan Baş Sarıtelin fəryadı ilə ovutmağa çalışdılar. Adətən can üstə olan insanların başının üstündə Quran oxunar, mənim yaxınlarım isə saz arzuladılar. O saz ki, 37 ildi Qərbi Azərbaycanın naləsi ilə dilə gəlir.

Vətəndə vətənsiz yaşamağın ağrıları

Azərbaycanımızın hər qarışı bizim üçün əzizdi. Hər qarış vətənimizin bir parçasıdı. Amma 37 ildir didərgin düşdüyümüz elimiz-obamız bizə daha doğmadı. Əminəm ki, Qərbi Azərbaycanda uyuyan hər bir doğmamızın ruhu bu gün bizi o torpaqda görmək istəyir. Viran olmuş ziyarətgahlarımız, dağıdılmış qəbrlərimiz, yerlə yeksan edilmiş irsimiz pərpa olunacağı günü gözləyir. Hər bir azərbaycanlı kimi biz qaçqınlar buna daha çox hazır olmalıyıq. Övladlarımız, bizədən sonra gələn nəsillər də Qərbi Azərbaycana qayıtmaq ruhunda tərbiyyə olunmalıdır. Sosial statusumuzdan, cəmiyyətdə tutduğumuz mövqedən aslı olmayaraq hamımız buna çalışmalıyıq.

Günü-gündən artan ümidlər

Hər bir Qərbi Azərbaycanlı kimi mən də bu gün çox qürurlu və ümidliyəm. Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər mənimdə daxilimdə bir ümid işığı yandırdı. İnanıram ki, Qərbi Azərbaycana qayıdacağımız gün uzaqda deyil. Bu gün ölkə rəhbərimizin apardığı siyasət, gördüyü işlər hər gün bizi öz arzularımıza bir qədər də yaxınlaşdırır. Bunun üçün hər birimiz bu yolda bir əsgər olmalı, bir amal uğrundan çalışmalıyıq.

Qərbi Azərbaycanda görüşənədək.

Vüqar Hacıyev

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
icma.az

1Sources