EN

Tahir Mirkişili: “ABŞ-nin tarif siyasəti Azərbaycan iqtisadiyyatına həm risk, həm də fürsət gətirir”

Böhran fürsətə çevrilməlidir

Dolların güclənməsi daxili bazarda inflyasiya təzyiqlərini artıracaq


ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni tarif qərarı 7 avqust gecədən etibarən qüvvəyə minəcək. Qərar 70-ə yaxın ölkəni əhatə edir və ABŞ Gömrük və Sərhəd Xidmətinə dəyişiklikləri tətbiq etmək üçün bir həftəlik texniki hazırlıq müddəti verilib. Yeni rejimə əsasən, ABŞ-yə daxil olan məhsullara tətbiq ediləcək minimal tarif 10 faiz təşkil edəcək. Ən yüksək tarif isə 41 faizlə Suriya üçün nəzərdə tutulub. Trampın tariflərə dair sərəncamı bazarlarda ani reaksiya doğurub. ABŞ dolları möhkəmlənib, neft qiymətləri artıb, Asiya birjaları isə itkilərlə bağlanıb. CNN yazır ki, yeni sistemdə ölkələr üç əsas qrupa bölünüb. Belə ki, ABŞ-nin ixracının idxalı üstələdiyi ölkələrə 10 faizlik baza tarifi, kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15 faizlik tarif, ticarət sazişi olmayan və ya ciddi kəsir yaranan ölkələrə isə daha yüksək tariflər tətbiq olunacaq. Açıqlanan siyahıda Rusiya yer almayıb. Maliyyə naziri Skott Bessentin sözlərinə görə, ABŞ-nin Rusiya ilə rəsmi ticarət əlaqələri olmadığı üçün bu ölkəyə tarif tətbiq olunmur. Kanada isə gözlənilən 25 faiz əvəzinə 35 faizlik tariflə qarşılaşıb, amma bu addım Kanadanın valyutasına ciddi təsir etməyib. Ekspertlər deyirlər ki, Avropadan idxal edilən dərman preparatlarının qiymətinin artacağı gözlənilir. 

Millət vəkili Tahir Mirkişili deyib ki, ABŞ prezidentinin müxtəlif ölkələrə tətbiq etdiyi tarif siyasəti intensivləşib. Deputatın sözlərinə görə, bu siyasət dünya iqtisadiyyatına müxtəlif yönlərdə təsir edəcək:

 "Bəs bu siyasət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Baxmayaraq ki, son tarif artımları Azərbaycana şamil edilməyib, bu siyasət ölkəmizin iqtisadiyyatına dolayı yolla təsir etmək imkanına sahib ola bilər. Tarif siyasəti qlobal ticarətin sərtləşməsinə və neft qiymətlərinin düşməsinə səbəb ola bilər. Yeni tarif qərarları qlobal ticarət axınlarında yavaşlama, qeyri-müəyyənlik və maliyyə bazarlarında dalğalanmalar yaradır. Bu isə dünya üzrə enerji tələbatının azalmasına gətirib çıxara bilər ki, bu isə Azərbaycanın neft ixracı üçün vacib xarakter daşıyır. Nəticədə, neft qiymətlərinin azalması xarici valyuta gəlirlərinə və icmal büdcə ehtiyatlarına təsir edə bilər. Tarif siyasəti dolların güclənməsinə və idxalın bahalaşmasına səbəb ola bilər. Yeni tariflər ABŞ-də inflyasiyanı artırarsa, Federal Ehtiyat Sistemi faizləri yüksəldə bilər. Bu da dolların möhkəmlənməsinə yol açacaqdır. FED-in ABŞ-də faizləri azaltmayaraq sabit saxlamaq qərarı belə bir təhlükənin olduğuna işarə edir".

Parlament üzvü vurğulayıb ki, Azərbaycan manatının faktiki şəkildə sabit olmasına baxmayaraq, dolların artan dəyəri idxal olunan malların, xüsusilə ərzaq, dərman və texniki avadanlıqların qiymətinin yüksəlməsinə səbəb ola bilər:
 "Nəticədə, daxili bazarda inflyasiya təzyiqləri güclənə bilər. Amma bütün bunlarla yanaşı bu siyasət Azərbaycanın iqtisadiyyatı üçün yeni fürsətlər də yarada bilər. Ölkəmizin ticarət partnyorlarının tariflərlə üzləşməsi nəticəsində bəzi idxalçılar alternativ bazar və tədarükçü axtarışına keçə bilər. Bu şərtlər, Azərbaycan üçün kənd təsərrüfatı, tekstil, alüminium və kimya məhsulları sahəsində yeni iqtisadi fürsətlər yarada bilər. Yüksək tariflər enerji bazarlarında qeyri-müəyyənlik və qiymət artımına da səbəb ola bilər. Bu isə Azərbaycan üçün qısamüddətli neft gəlirlərində artım potensialı da yaradar. İstənilən böhranı fürsətə çevirmək iqtisadi siyasətin əsas hədəfidir".
Chosen
19
1
sherg.az

4Sources