ChatGPT ilə aparılan milyonlarla şəxsi söhbətin axtarış motorlarında tapılması böyük gizlilik qalmaqalına səbəb olub. Google və DuckDuckGo bu məzmunları silsə də, Bing-də hələ də bir çoxuna giriş mümkündür.
News24.az xəbər verir ki, 1 avqustda kibertəhlükəsizlik üzrə mütəxəssislər, axtarış sistemlərində zəiflikləri araşdırarkən bəzi ChatGPT söhbətlərinin arxivlənib internetdə indeksləndiyini aşkar ediblər. Bu, həm məlumatların silinmədiyini, həm də səhvən axtarışa açıq hala gətirildiyini göstərir.
Milyonlarla istifadəçi gündəlik həyatında ChatGPT-dən şəxsi, hətta emosional mövzularda istifadə etdiyindən bu sızma ciddi narahatlıq yaradıb. Bəzi sızan yazışmalarda kod nümunələri və işgüzar məlumatlar, digərlərində isə şəxsi hisslər və suallar yer alır.
OpenAI hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Təhlükəsizlik mütəxəssisləri isə istifadəçiləri paylaşdıqları məlumatlara daha diqqətli yanaşmağa çağırır.
Xeyrənsə Piriyeva