EN

Rusiya Minsk Qrupu məsələsində də səmimi ola bilmədi - Lavrovun gecikmiş və yarımçıq etirafı...


Azər Həsrət: “Minsk Qrupunun keyfiyyətsiz, faydasız bir quruma çevrilməsinin əsas səbəbkarı Rusiya olub”

Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta” nəşrində dərc olunan “Helsinki aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” adlı məqaləsində qeyd edib ki, ATƏT Dağlıq Qarabağda işinin öhdəsindən gələ bilmədi, Minsk Qrupu isə münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədi.

Onun sözlərinə görə, bu struktur münaqişə tərəfləri arasında real dialoq qurmaqda aciz qalıb: “Minsk Qrupu nə dialoqu təmin edə bildi, nə də tərəfləri masa arxasına gətirə bildi. Qərb iştirakçılarının Rusiyayla əməkdaşlıqdan imtina etməsi bu mexanizmi tamamilə mənasız hala gətirdi”.

Madam Rusiya Minsk Qrupunun uğursuzluğunu etiraf edir, o zaman nəyə görə ötən 5 ildə onun buraxılması ilə bağlı konkret addım atmır? Azərbaycanın bununla bağlı çağırışını dəstəkləmir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Minsk Qrupunun həmsədrlərinin, ümumiyyətlə, bütövlükdə qrupun özünün iş əmsalının sıfıra bərabər olmasının əsas səbəbkarlarından biri elə Rusiyadır: “Yəni Rusiya faktiki olaraq Minsk Qrupunun həmsədri kimi, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə heç bir töhfə vermədi. Əksinə, Ermənistanla Azərbaycan arasında münaqişəni zaman-zaman körüklədi. Bununla bağlı örnəklər en qədərdir və səbəbkarının da Rusiya olması haqqında yetərincə tutarlı dəlillərimiz var. Ona görə də Lavrov başqalarını ittiham etməzdən əvvəl dönüb özlərinə baxmalı idi və etiraf etməli idi ki, ATƏT-in Minsk Qrupunun belə keyfiyyətsiz, faydasız bir quruma çevrilməsinin əsas səbəbkarı Rusiya olub. Digər tərəfdən, ümumiyyətlə, ədalətli həll axtarışına töhfə verməyən bu qrup təbiidir ki, heç bir iş görə bilməyəcəkdi. Biz ötən illər ərzində daim onu gördük ki, Minsk Qrupu Azərbaycandan güzəştlər qoparmaq, Ermənistanı təmin etmək istəyir. Təbii ki, Azərbaycan dövləti buna gedə bilməzdi, getmədi və sonda da məsələni özü kökündən həll etdi. Yəni deməyim odur ki, Rusiya bu məsələdə heç kimi ittiham etmə haqqına sahib deyil. Əgər Minsk Qrupunun heç bir işə yaramadığını indi etiraf etmisinizsə, o zaman qərar verin. Yəni Lavrov təşəbbüs irəli sürsün ki, ATƏT-in Minsk Qrupunu buraxaq. Rusiyadan belə bir təşəbbüsü görmədik. Yalnız Azərbaycan Minsk Qrupunun buraxılması üçün təşəbbüs irəli sürür. Bu təşəbbüsü hələ ki, Ermənistan sözdə mümkün saysa da real addım atmır. Rusiya isə, ümumiyyətlə o haqda heç nə danışmır. Lavrov indi Minsk Qrupunun səmərəsizliyindən danışırsa, o zaman qabağa düşüb təşəbbüslə çıxış etsin. Əgər digər dövlətlər, o cümlədən, Ermənistan bu təşəbbüsü dəstəkləməsə, Rusiya səmimiyyətini sübut etmək üçün birtərəfli qaydada ATƏT-in Minsk Qrupundan çıxdığını elan etsin. Bunu etməsinə heç kim əngəl ola bilməz. Ancaq Rusiya bunu etmək əvəzinə, Qərbdən olan tərəfdaşlarını ittiham edir. Belə bir addım atmaq üçün heç bir tərəf mane olmayacaq. Səmimiyyət nümayiş etdirmək istəyirlərsə, o zaman bunu göstərsinlər. Biz də inanaq ki, Rusiya doğurdan da bu məsələdə səmimidir. Qalanı isə, indiki şəraitdə sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Bu, gözə kül üfürməkdir və Azərbaycan da bunu çox görüb. O üzdən, buna heç vaxt aldanmayacağıq”.

Vidadi ORDAHALLI

Chosen
10
baki-xeber.com

1Sources