EN

İranın raket silahlanması: 12 günlük müharibədən öncəki və sonrakı vəziyyət – TƏHLİL

İran Qərb ölkələri ilə qarşıdurma, qismən beynəlxalq təcrid və özünün nüvə proqramının mövcudluğu şəraitində raket silahları hazırlayır ki, bu da öz raket silahlarını inkişaf etdirmək zərurətinə səbəb olub.

“Poliqon”un məlumatına görə, İran raket silahlarından potensial düşmənlərinə qarşı çəkindirici vasitə kimi istifadə edir.

Ümumi baxış

İran raketləri hücum zamanı cavab vermək üçün təyin edilib. İranın raket silahlanmasına qısadan qitələrarası məsafəyə qədər uçuş mənzili olan müxtəlif ballistik və qanadlı raketlər daxildir ki, bu raketlər də Yaxın Şərqdə və Avropanın bəzi bölgələrində yerləşən hədəflərə çata bilir. Raketlər həm maye, həm də bərk yanacaqla işləyən raketlərdən ibarətdir. Onlardan bəziləri hipersəs sürəti və dəqiq istiqamətləndirmə sistemləri kimi qabaqcıl texnologiyalara malikdir. İran Şimali Koreya kimi digər ölkələrlə raket texnologiyası sahəsində fəal əməkdaşlıq edir, təcrübə və texnologiyalar mübadiləsi aparır. İran özünün həm də ikili məqsəd daşıyan və raket texnologiyasının inkişafına töhfə verən kosmik proqramını inkişaf etdirir.

İranın hərbi raket proqramı hazırda Yaxın Şərqdəki ən geniş proqramlardan biridir və İranı müxtəlif mənzilli çoxlu sayda ballistik raketlərlə təmin edir. Bu raket arsenalı ölkənin müdafiə strategiyasında düşmənləri çəkindirmək və regionda gücünü göstərmək vasitəsi kimi mərkəzi rol oynayır. Eyni zamanda, beynəlxalq ictimaiyyət Tehranın nüvə ambisiyaları ilə potensial əlaqələri səbəbindən İran raketlərini yaxından izləyir və bu, artıq sanksiyalara və müvafiq texnologiyalara nəzarət etmək üçün hərbi müdaxilələrə səbəb olub.

İranın raket silahlarının inkişafı ölkədə qəbul edilmiş “Raket proqramı” əsasında hazırlanır. Bu proqram, xüsusən də nüvə proqramı fonunda beynəlxalq narahatlıq doğuran məsələdir. İran ballistik raketlər və qanadlı raketlər də daxil olmaqla geniş spektrli raketlər hazırlayır və istehsal edir. Tehran qitələrarası ballistik raketləri (Intercontinental Ballistic Missile – ICBM) inkişaf etdirmək ambisiyalarına malikdir. İran nüvə proqramının dinc məqsədli olduğunu israr etsə də, İranın raketlərdən nüvə silahı çatdırmaq üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar var.

İran öz raketlərini təkmilləşdirmək, yeni modellər hazırlamaq və mövcud olanların xüsusiyyətlərini artırmaq, xüsusilə tuşlama sistemi əlavə edərək daha yüksək vurma dəqiqliyini təmin etmək üçün fəal şəkildə çalışır.

Qeyd edildiyi kimi, İran müxtəlif mənzilli ballistik raketlər də daxil olmaqla əhəmiyyətli raket arsenalına malikdir. Eyni zamanda, hipersəsli raketlər də daxil olmaqla öz raket silahlarını inkişaf etdirir, istehsal edir və arsenalını gücləndirir. İranın raket qüvvələrinin “Shahab-3”, “Fateh-110”, “Khorramshahr” və “Sejil-2” kimi, həmçinin digər ballistik raketlər, o cümlədən qanadlı raketlər təşkil edir.

İran əhəmiyyətli və daim inkişaf edən raket potensialına malikdir ki, bu da onun hərbi gücünün və geosiyasi təsirinin əsas amillərindən biridir. İranın raket imkanları bütün Yaxın Şərqdə və onun hüdudlarından kənarda hədəfləri vurmaq qabiliyyəti ilə regional təhlükəsizlik dinamikasında mühüm amildir.

İndi isə İranın raket imkanlarına daha ətraflı nəzər salaq.

İranın raket silahlanmasının inkişaf mərhələləri

İranda 2000-ci illərdə orta mənzilli maye yanacaqla işləyən raketlərin, xüsusən də “Shahab-3” (mənzili ≈1300 km, sonradan modernləşdirilmiş versiyalarda isə ≈2000 km-ə qədər artırılmış) raketlərinin yaradılmasına keçiblər. Paralel olaraq, elan edilmiş mənzili 2000-2400 km olan “Sejjil-2” kimi iki pilləli bərk yanacaqlı raketlərində sınaqlarına başlanılıb.

2010-cu ildə ənənəvi “Scud” raketinin törəməsi olan, aerodinamik stabilizatorları olmayan “Scud”-un təkmilləşdirilmiş quyruq bloklu modernləşdirilmiş qanadsız “Qiam-1” (uçuş mənzili ≈800 km) təqdim edilib. 2016-cı ildə isə mənzili təxminən 700 km məsafə olan bərk yanacaqlı “Zolfaghar” raketi təqdim olunub.

Müxtəlif hesablamalara görə, İsraillə baş verən 12 günlük müharibəyə qədər İran müxtəlif mənzilli 3000-dən çox ballistik raket arsenalına malik olub.

İranın ballistik raketlərinin növləri və mühərrikləri

İran uçuş məsafəsi ≈300 km-ə qədər olan qısa mənzilli (SRBM – Short-Range Ballistic Missile) raketlərdən tutmuş, ≈2000 km-ə qədər məsafədə hədəfləri vura bilən orta mənzilli raketlərə (MRBM – Medium-Range Ballistic Missile) qədər geniş spektrli ballistik taktiki raketlər hazırlayıb.

Ballistik raketlər döyüş başlıqlarını ballistik trayektoriyaya çatdırmaq üçün nəzərdə tutulmuş müxtəlif mənzilli “yer-yer” sinif raket silahlarıdır. Məlum olduğu kimi, ballistik raketlər dik trayektoriya ilə hərəkət edir, yəni buraxıldıqdan sonra xeyli hündürlüyə qalxır, sonra isə cazibə qüvvəsinin təsiri ilə hədəfə düşür. Bunun sayəsində belə raketlər ağır döyüş başlıqlarını yüksək sürətlə uzaq məsafələrə daşıya bilir. Güclü qurğuların köməyi ilə buraxılan bu raketlər son dərəcə yüksək sürətlə hərəkət edərək atmosferin yuxarı qatlarına, bəzən isə kosmosa qalxır. Mühərriklər söndürüldükdən sonra raket əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə hərəkət edərək, təkrar Yer atmosferinə daxil olur və hədəfini vurmazdan əvvəl şığıyır.

Ballistik raketlər bir neçə yüz kilometrdən (qitələr arasında 10 min kilometrdən) çox məsafəni qət edə bilər: taktiki ballistik raket (150-300 km), qısa mənzilli (500-1000 km), orta mənzilli (1000-5500 km) və qitələrarası (5500-16000 km). Hərbi əməliyyatlar zonasında hədəfləri vurmaq üçün qısa mənzilli taktiki ballistik raketlərə ehtiyac olduğu halda, digər ölkələrin ərazisindəki hədəfləri vurmaq üçün orta və qitələrarası ballistik raketlərdən çox vaxt strateji raketlər kimi istifadə olunur və onlar nüvə başlığı da daşıya bilirlər.

İran raket arsenalında yer alan ballistik raketlər qısa mənzilli (300-1000 km), orta mənzilli (1000-3000 km), hipersəs, dəqiq idarə olunan və qanadlı raketlər olmaqla bir neçə kateqoriyaya bölünür.

Qısa mənzilli ballistik raketlərə (SRBM) “Shahab-1” 9300 km) və “Shahab-2” (500 km), “Qiam-1” (750 km) və “Fateh-110” ailəsi (“Fateh-110” (300 km), “Fateh-313” (500 km), “Zolfaghar” (700 km)) kimi raketlər daxildir. Orta mənzilli ballistik raketlərə (MRBM) “Shahab-3” raketinin bütün variantları, “Qasem Basir”, “Haj Qasem”, “Khorramshahr” ailəsinin ən son nümayəndəsi olan və 2000 kilometr mənzilə malik “Khyber”, 1450 kilometr mənzilli, bərk yanacaqla işləyən və dəqiq zərbə vuran “Kheybar Shekan”, “Fattah-1” və iddia edilən sürəti Mach 15, qarşısını almaq çətin olan “Fattah-2”, İranın ilk yerli son tuşlama nöqtəli orta 1300-2000 km mənzilli ballistik “Emad”, həmçinin 1600-2000 kilometr mənzilə malik və maye yanacaqlı mühərriklə işləyən “Ghadr-110” raketləri aiddir.

Qeyd etmək lazımdır ki, xarici mütəxəssislər maye yanacaqlı mühərriklə işləyən və 1000-2000 kilometr mənzilə malik “Fattah” seriyasının, xüsusən də “Fattah-2” raketinin yüksək sürət və manevr qabiliyyətinə malik hipersəs raketlər olduğu, onların qarşısını almaqda çətinlik çəkildiyini iddia edilər.

İranın qanadlı raketləri siyahısında 2500 km-ə qədər uçuş məsafəsi olan “Soumar” uzun mənzilli qanadlı raketi əsas yer tutur. Bununla yanaşı, İran həmçinin digər qanadlı raketlərə sahibdir. İran hərbçilərinin bildirməsinə görə qanadlı raketlərin bəziləri yüksək sürətli və aşağı uçuş profillərinə malikdir və bu, onları aşkar etmək və tutmaqda çətinlik yaradır. Lakin, reallıqda İran qanadlı raketlərə daha az güvənir, çünki İsrailin hava hücumundan müdafiə vasitələri ilə onları zərərsizləşdirmək daha asandır və əhəmiyyətli dərəcədə qısa məsafəyə malikdir. Tələb olunan məsafəni qət etməyə qadir olan bu tip raketlərə “Soumar” və “Paveh” daxildir.

“Emad” və “Kheybar Shekan” kimi raketlər isə yüksək dəqiqlik üçün tuşlama sistemləri və manevr edə bilən başlıq hissələri ilə təchiz olunub. “Ghadr-110” və “Emad” raketləri Şimali Koreyanın “No Dong” (“Hwaseong -7”) raketinin əsasında hazırlanıb.

İstənilən raketin uçuşunun əsasını onun mühərriki və yanacağı təşkil edir. İran raketlərinin ilk nəsilləri maye yanacaqla işləyirdi – onların tərkibində yanma kamerasında qarışdırılan maye yanacaq (adətən kerosin) və oksidləşdirici çənlər var idi. Bu cür mühərriklər daha böyük güc təmin edir, lakin startdan əvvəl uzun yanacaq doldurma və daha mürəkkəb texniki xidmət tələb edir. Buna misal olaraq Sovet istehsalı “Scud” (markası R-17, indeksi 8K14) raketinə əsaslanan bütün raketləri, xüsusən də “Shahab-1”, “Shahab-2”, “Qiam-1” və “Shahab-3” raketlərini göstərmək olar. 2000-ci illərdən İran intensiv şəkildə ballistik raketləri üçün bərk yanacağa keçir. Bərk yanacaqla işləyən mühərrik raketin gövdəsində artıq bərkimiş yanacaq atımına malikdir. Bu da buraxılışa hazırlaşmaq üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır – raket buraxılışdan əvvəl yanacaq doldurmaya bir saat vaxt itirmədən, yanacaqla doldurulmuş vəziyyətdə saxlana və dərhal buraxıla bilər. İranın “Fateh” və “Sejjil” ailələrinin raketləri bərk yanacaqlıdır. Onların ilkin datqı qüvvəsi maye analoqlarından bir qədər az olsa da, bu cür raketlər döyüş növbətçiliyində daha mobil və daha təhlükəsizdir. Təcrübədə İran indi hər iki texnologiya növünü birləşdirir: məsələn, ağır ikipilləli “Khorramshahr” raketi maksimal məsafə və gücü təmin etmək üçün hələ də maye yanacaqdan istifadə edir, lakin bir çox yeni raketlər bərk yanacağa keçərək dəqiq idarə olunan “uzaq mənzilli mərmilər”ə çevrilib.

İran raketlərinin fəaliyyət mənzili və buraxma platformaları

İran raketlərinin əksəriyyəti regional hədəflərə yönəlib. Təxminən 300 km-lik uçuş məsafəsi onlara qonşu ərazilərdəki hədəfləri, məsələn, Fars körfəzindəki ABŞ hərbi bazaları və ya İraqdakı qoşunları vurmağa imkan verir, radiusu 1000-1500 km olan raketlər isə bütün İsrail ərazisini və Avropanın bir hissəsini nişangah altında saxlamağa imkan verir (diaqramda İranın əsas raketlərinin fəaliyyət mənzilləri göstərilib).

İranın ballistik raketlərinin rəsmi olaraq elan edilmiş maksimal uçuş məsafəsi təxminən 2000 km təşkil edir. İran hərbi komandanlığının bildirdiyinə görə, bu yuxarı həddə könüllü şəkildə əməl olunur – Tehran Ali Rəhbər Əli Xamneyinin göstərişlərinə əməl edərək, hələ də 2000 km-dən yuxarı raketlərini inkişaf etdirmir. Beləliklə, İranın raket arsenalı qlobal müharibə üçün deyil, ilk növbədə regional çəkindirmə üçün nəzərdə tutulub.

İran raketləri müxtəlif platformalara əsaslanır ki, bu da onların sağqalma qabiliyyətini və mobilliyini təmin edir. Əsas yerləşdirmə üsulu raketlərin gizli hərəkətinə və onların sürətlə buraxılmasına imkan verən təkərli şassilərdə (TEL – Transporter Erector Launcher) mobil buraxma qurğularıdır. Mobil yerüstü buraxma qurğularından ba.qa, İran sabit möhkəmləndirilmiş bazaların geniş şəbəkəsi yaradıb. Bəzi raketlər yeraltı şaxtalarda və böyük dərinlikdəki bunkerlərdə, hava zərbələrindən qorunmaq üçün dağlarda qazılmış “raket şəhərcikləri” adlanan yerlərdə saxlanılır. Mobil və gizli buraxma platformalarının bu kombinasiyası İranın raket sistemini çevik və düşmən zərbələrinə qarşı dayanıqlı edir. Hətta məhdud resurslara malik olsa belə, Tehran raketlərinin əhəmiyyətli bir hissəsini gizlətməyə və təcavüzə cavab olaraq sürpriz zərbə endirməyə qadirdir.

Regional güc balansı və strateji çəkindirmə

Raket potensialının inkişafı Yaxın Şərqdə qüvvələr balansına ciddi təsir göstərib. İran üçün ballistik raketlər çəkindirmənin əsas strateji alətinə çevrilib: müasir hərbi hava qüvvələri olmadığından Tehran mühüm düşmən hədəflərini təhdid etmək və bununla da onları hücumdan çəkindirmək üçün uzaqmənzilli raket zərbələrinə arxalanır.

Pentaqonun hesablamalarına görə, İran artıq minlərlə yaxın və orta mənzilli raketlə Yaxın Şərqdə ən böyük raket arsenalını yaradıb. Belə bir qüvvə İsrailin istənilən yerinə, bölgədəki Amerika bazalarına və Körfəz paytaxtlarının əksəriyyətinə çata bilər. İran texnoloji cəhətdən üstün rəqiblərinə qarşı raketlərdən asimmetrik silah kimi effektiv istifadə edib: köhnəlmiş təyyarələrinə baxmayaraq, cavab zərbələri ilə onların ərazisini və infrastrukturunu təhdid edə bilər.

Bu təhlükə İranın qonşularını raketdən müdafiəni gücləndirməyə məcbur edib. Lakin müasir yüksək sürətli raketlərin qarşısını almaq olduqca çətindir. Nəticədə, İranın raket proqramı regional güc balansında mühüm amilə – qonşularının hərbi hava qüvvələri və dəqiq silahlardakı üstünlüklərini kompensasiya edən bir növ “böyük bərabərləşdiriciyə” çevrilib.

Münaqişələrdə İran raketlərinin rolu və müttəfiqlərə dəstək

Ötən onilliklər ərzində İran dəfələrlə real münaqişələrdə raketlərdən istifadə etmək, eləcə də regiondakı müttəfiqlərini təchiz etmək istəyini nümayiş etdirib. İran qüvvələri döyüşdə bilavasitə öz raketlərindən istifadə edib: 2017–2018-ci illərdə Suriyada İslam Dövlətinin mövqelərinə raket zərbələri endirib, 2020-ci ilin yanvarında İran ABŞ-ın hava bazasını ballistik raket atəşinə tutub  və obyektə ciddi ziyan vurub.

Eyni zamanda, Tehran öz müttəfiqlərinə raket texnologiyaları və silahlar ötürüb. İranın köməyi ilə Suriyada ballistik raket, xüsusən də “Fateh-110” variantlarının istehsalı zavodları tikilib. Livanın Hizbullah terror təşkilatı 2006-cı ildən İrandan İsraildəki hədəfləri vura bilən qısa mənzilli “Fateh-110” raketləri alıb. Yəmənin Husi üsyançıları Səudiyyə Ərəbistanının şəhərlərini dəfələrlə atəşə tutduqları İranın “Scud” və “Qiam” raketlərinə əsaslanan ballistik raketlərlə silahlanıb.

2024-cü ildə İsraillə vəziyyət pik nöqtəyə gəlib. İran İsrail hədəflərinə bir neçə ballistik raket atmış və İsrail tərəfi buna cavab olaraq İranın raket bazalarına hava zərbələri endirmişdi. Bu eskalasiya zamanı hər iki tərəf atəşi dayandırana qədər yüzlərlə raket atılmışdı. Sonuncu 12 günlük müharibədə də İran müxtəlif qeyri-rəsmi mənbələrin məlumatlarına əsasən İsrailə qarşı 350 – 500 (bəzi mənbələrdə 500-dən artıq göstərilib) raket buraxıb. Belə ki, 2025-ci ildə İran raketləri yenidən “isti” silaha çevrilib. Kulminasiya nöqtəsi, İsrailin raketdən müdafiə sistemini yan keçə bilən, təxminən 1450 km mənzilli çoxdöyüş başlığı olan yeni bərk yanacaqlı “Kheibar Shekan” raketinin ilk döyüş istifadəsi olub. Bu atışlardan dərhal sonra İsrail Tehrandakı obyektlərə və Kirmanşahdakı ballistik raket anbarlarına qarşı bütün kampaniyanın ən böyük zərbəsini endirib. ABŞ-ın bir gün əvvəl Natans, İsfahan və Fordo nüvə komplekslərinə etdiyi otuz min tonluq bunker hücumları İranı gündəlik “yaylım atəşi cavabları”na daha da sövq edib. Eyni zamanda, yəmənli husilər ilk dəfə olaraq İsrailə qarşı ballistik raket zərbələrini birbaşa Tehranla əlaqələndirdiklərini rəsmən elan ediblər.

Beləliklə, 2025-ci ilin iyun ayının sonuna olan məlumata görə, İranın raket arsenalı nəinki İsrail və ABŞ ilə birbaşa qarşıdurma üçün əsas alət olaraq qalır, həm də Hizbullah və husilər kimi müttəfiqlər “regional ekosisteminə” və hətta qlobal razılaşmalara getdikcə daha çox inteqrasiya olunur, Tehranın ballistik texnologiyaların aparıcı ixracatçısı kimi rolunu təsdiqləyir.

İran raketlərinin İsrailə çatması nə qədər vaxt aparır və İsrailə endirilən zərbələrin nəticələri

İranla İsrail arasındakı məsafə 1700 km-dən bir az çoxdur (1724,48 km). İrandan 5 Mach sürətlə uçan ballistik raketlər orta hesabla təxminən 12-15 dəqiqə ərzində İsrailə çata bilər, baxmayaraq ki, dəqiq vaxt raketin növündən və buraxılış yerindən asılıdır.

İsrail şəhərlərinə kasset döyüş başlıqlılar daxil olmaqla 350 – 500 ballistik raket buraxılıb. İsrail hərbiçiləri İranın 12 gün ərzində İsrailə 550-yə yaxın ballistik raket atdığını bildirir. Xarici mətbuatın və İsrail Müdafiə Nazirliyinin məluamtlarına görə, İranın raket zərbələri nəticəsində İsrailin mənzil fonduna ciddi ziyan vurulub. Ümumilikdə 208 təhsil müəssisəsi zərər görüb: bir sıra məktəb və uşaq bağçaları tamamilə dağıdılıb. Beerşeba şəhərindəki “Soroka” xəstəxanasına İran raketinin birbaşa zərbəsi nəticəsində ciddi ziyan dəyib, bu zaman xərçəng və diabet araşdırmaları da ciddi şəkildə zərər görüb. Vaysman (Weizmann) İnstitutunun tədqiqat laboratoriyalarına ciddi ziyan vurulub. İranın Hayfadakı Bazan neft emalı zavoduna endirdiyi raket zərbəsi boru kəmərlərinə və elektrik xətlərinə lokal ziyan vurub, həmçinin bəzi obyektlərin müvəqqəti bağlanmasına səbəb olub.

Oreqon Universitetinin (University of Oregon) alimləri tərəfindən aparılan peyk radiolokasiya şəkillərinin təhlilinə əsasən, İranın altı raketinin İsrailin beş hərbi obyektinə, o cümlədən hava bazası, kəşfiyyat məlumat toplama mərkəzi və maddi-texniki təminat bazasına zərbə endirdiyi qeydə alınıb. Xüsusilə “Moşe Dayan Düşərgəsi” hərbi bazasındakı anbar vurulub.

İranın “Defa News” portalı xəbər verir ki, İranın İsrailə endirdiyi zərbələr nəticəsində 31 mindən çox bina və 4 minə yaxın avtomobil dağılıb. Nəşr iddia edir ki, bu rəqəmlər İsrailin İranın nüvə obyektlərinə hücumu ilə başlayan 12 günlük müharibənin yaratdığı dağıntıların miqyasını əks etdirir. Lakin Təl-Əviv və ya onun müttəfiqləri tərəfindən bu dağıntının rəsmi təsdiqi yoxdur.

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra İran ABŞ-ınn Qətərdəki Əl-Udeid aviabazasını (Al Udeid Air Force Base) hədəfə alan raketlərlə cavab verib. ABŞ və Qətər məlumatlarına görə, raketlər Qətərin hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulub və heç kim xəsarət almayıb. Raketlərdən biri aviabazada yerləşən və ABŞ Ordusu tərəfindən istifadə olunan peyk rabitə antenasının günbəzinə düşüb.

İsrailə hücumlardan sonra İranın raket imkanları təxminən üçdə bir azalıb

Ümumiyyətlə, İsrailin mövqelərinə üstünlük verməyə meylli olmayan rusiyalı hərbi analitiklərin fikrincə, Tehran münaqişədən əvvəlki mərhələ ilə müqayisədə hücum potensialının təxminən üçdə birini itirib.

“Reuters” agentliyi xəbər verir ki, İsrail İranın ballistik raket buraxma qurğularının üçdə ikisini məhv edib. Britaniyanın “Teleqraf” qəzeti isə yazır ki, müharibənin əvvəlində Tehranın 3000-ə yaxın uzaqmənzilli raketi var idi. Nəşrin ekspertləri hesab edir ki, İsrail onlardan 1000-ə yaxınını məhv edib. Və iranlılar özləri 440 raket atıblar. Beləliklə, müharibədən əvvəlki arsenalın təxminən yarısı – 1560 raket qalıb.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran və Şiə Oxu üzrə Ekspert Qrupunun rəhbəri Dani Citrinovic İranda 2000-ə yaxın raketin olduğunu düşünür. O, iyunun 17-də “İran İnternational” nəşrinə müsahibəsində Tehranda cəmi 1100-1200 raketin qaldığını bildirib.

Nəhayət, İsrailin “Alma” analitik mərkəzi iyunun 15-də bildirib ki, İranda 1500-2000 ballistik raket qalıb. Lakin bu saya heç bir şəkildə İsrailə çata bilməyənlər də, məsələn, yalnız 500 km uçuş məsafəsi olan “Shahab-2” və ya “Raad 500” raketləri də daxildir.

Eyni zamanda, baza olaraq 3000 raketi götürərək təhlil aparıldıqda və artıq buraxılmış raketlərin sayını və İsrailin zərbələri nəticəsində zədələnmiş və ya sıradan çıxmış oxşar sayda silahları nəzərə aldıqda, İranda hələ də fəaliyyətdə olan qısa və orta mənzilli raketlərin sayının 1500-ə yaxın olduğunun şahidi olarıq.

527140464

Əhəd Vahidoğlu

Chosen
32
poliqon.az

1Sources