EN

Mahir Emreli rəsmi debüt matçında 65 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslautern”in heyətində ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün ilk turu çərçivəsində baş tutmuş “Hannover”lə səfər matçının iştirakçısı olub.

Mahir əsas heyətdə yer alıb. O, 65-ci dəqiqədə, hesab 0:0 olarkən əvəzlənib. Komandası isə 74-cü dəqiqədə buraxdığı yeganə qol nəticəsində meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
22
arena.az

1Sources