EN

Əyləncəmi, təhlükəmi? Atraksionların təhlükəsizliyinə kim cavabdehdir?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Taif şəhərində “Yaşıl dağ” əyləncə parkında işlək vəziyyətdə olan “360”atraksionu qoparaq yerə düşüb. Nəticədə attraksionda olan 23 nəfər xəsarət alıb.

Baş verən hadisə ölkəmizdə fəalliyyət göstərən atraksionların təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, atraksionlar təhlükə potensialı yüksək olan obyektlər siyahısına daxildir. Ekspert qeyd edib ki, onların istismara verilməsi, istifadə dövrü və sonrakı mərhələlərdə ciddi texniki təhlükəsizlik qaydalarına əməl olunması zəruridir.

O.Musayev xəbərdarlıq edib ki, kustar üsulla hazırlanmış, texniki pasportu və istismara yararlılıq sənədi olmayan atraksionların istifadəsi qətiyyən yolverilməzdir:

“Azərbaycanda hələ də texniki təhlükəsizlik ekspertizasından keçməyən və qanunsuz fəaliyyət göstərən atraksionlar mövcuddur. Bu cür avadanlıqlar həm istifadəçilər, həm də ətrafdakılar üçün ciddi təhlükə yaradır. Bu səbəbdən, belə atraksionlar vaxtında aşkarlanmalı və onların fəaliyyəti məhdudlaşdırılmalıdır”.

Müsahibimiz nəzərə çatdırıb ki, atraksionlar ildə azı bir dəfə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılmalı və onların təhlükəsizlik norma və standartlara uyğunluğu qiymətləndirilməlidir. O əlavə edib ki, yoxlama zamanı hər hansı nasazlıq və ya təhlükə aşkarlandıqda, həmin atraksionun fəaliyyəti dərhal dayandırılmalıdır:

“Atraksionlardan istifadə edən şəxslərə əvvəlcədən qısa təhlükəsizlik təlimatı verilməli, bu sahəyə cavabdeh operatorlar və nəzarətçilər təyin olunmalıdır. Atraksion operatorları yalnız təlim keçmiş və peşə üzrə ixtisas biliklərinə malik şəxslər olmalıdır. Təəssüf ki, bəzi hallarda operatorlar təsadüfi şəxslər arasından seçilir ki, bu da hadisə riskini artırır”.

Orxan Musayev: Təhlükəsizlik qaydalarına əməl olunmadığı təqdirdə, nəticələri ağır ola bilər

Həmsöhbətimiz vurğulayıb ki, atraksionların üzərində təhlükəsizlik nişanları yerləşdirilməli, fövqəladə hallarda avadanlığın dərhal dayandırılması üçün STOP düymələrinin yeri hər kəs üçün aydın olmalıdır.

O.Musayev eyni zamanda bildirib ki, atraksionun texniki pasportu, son ekspertiza sənədləri və istismar aktı avadanlığın üzərində, asanlıqla görünə biləcək yerdə olmalı və istifadəçilərin bu sənədlərlə tanış olması təmin edilməlidir.

“Atraksionların təhlükəsizliyinə görə əsas məsuliyyət isə onların sahiblərinin üzərinə düşür. Təhlükəsizlik qaydalarına əməl olunmadığı təqdirdə, nəticələri ağır ola bilər”, - deyə Orxan Musayev əlavə edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
bakivaxti.az

2Sources