EN

“Aztelekom”un tərkibində “Qarabağ” regional filialı yaradılıb  

Ölkə üzrə xidmətlərin daha çevik və səmərəli təşkili məqsədilə “AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib.

“Aztelekom”dan AZƏRTAC-a bildirilib ki, bu dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.

Belə ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nin tərkibində “Qarabağ” regional filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.

Bildirilib ki, “Qarabağ” regional filialının yaradılması, sadəcə struktur dəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanın sürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təmin olunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə, sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarının artmasına töhfə verir.

“Qarabağ” regional filialının yaradılması, həmçinin bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 regional filial və 7 rabitə xidməti mərkəzi olmaqla, ümumilikdə 15 idarəetmə vahidindən ibarətdir. Bu struktur modelləşməsi bölgələr üzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlü xidmətlərin daha operativ və keyfiyyətli şəkildə göstərilməsinə imkan yaradır.

“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini səmərəlilik, keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirməkdə qərarlıdır.

Chosen
22
9
azerbaijan-news.az

10Sources