EN

“Ceyms Uebb” məşhur kosmik fotonu yenidən çəkdi

Avropa Kosmik Agentliyi “dərin kainat” görüntüsünün yeni versiyasını təqdim etdi

Avropa Kosmik Agentliyinin (ESA) alimləri “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə çəkilmiş yeni möhtəşəm görüntünü təqdim ediblər. Bu görüntü, 1995-ci ildə “Hubble” teleskopunun tarixə düşən məşhur “Ultra Dərin Sahə” (Ultra Deep Field) fotoşəklinin təkrarıdır və müasir astronomiyanın nə qədər inkişaf etdiyini bir daha nümayiş etdirir.

Söhbət Cənubi yarımkürədə yerləşən və uzun illər boş sahə hesab edilən Pech (Fornax) bürcündəki səma sahəsindən gedir. “Hubble” teleskopunun müşahidələri nəticəsində məlum olmuşdu ki, bu “boşluq” əslində minlərlə uzaq qalaktikanı özündə gizlədir. Həmin tarixi görüntüdə təxminən 10 minə yaxın qalaktika qeydə alınmışdı. Onların bir qismi Yerə bir milyard işıq ili, digərləri isə müşahidə edilə bilən Kainatın sərhədinə qədər olan məsafədə yerləşir. Bu obyektlər Böyük Partlayışdan təxminən 800 milyon il sonra mövcud olmuş qədim qalaktikalardır.

İndi isə “Ceyms Uebb” teleskopu bu sahənin daha da dərin və detallı versiyasını çəkərək, astronomiya tarixində ən əhatəli müşahidələrdən birinə imza atıb. Yeni görüntüdə 2500-dən çox işıq mənbəyi — yəni qalaktika və ulduz sistemləri — qeydə alınıb. Onlar arasında yüzlərlə son dərəcə qırmızı və zəif qalaktikalar var ki, alimlər onların ya toz buludları ilə dolu massiv sistemlər, ya da Kainatın ilkin dövrlərində formalaşmış ulduzlu qədim qalaktikalar ola biləcəyini ehtimal edirlər.

Mütəxəssislər bu yeni görüntünü “Zaman maşını” adlandırırlar. Çünki burada müşahidə edilən işıq bizə milyardlarla il əvvəlki hadisələrdən xəbər verir. “Ceyms Uebb” teleskopunun yüksək dəqiqliyi və infraqırmızı diapazonda işləməsi sayəsində daha əvvəl görünməyən qalaktik strukturlar və materiyanın ilkin formaları aşkar edilib.

Bu, həm də sübut edir ki, Kainat, düşündüyümüzdən daha zəngin, daha qədim və daha mürəkkəbdir. Yeni görüntü elmi cəhətdən yalnız astronomlara yox, həm də insanlığın mənşəyinə maraq göstərən hər kəsə yönəlmiş möhtəşəm bir vizual və fəlsəfi mesajdır: biz Kainatın kiçik, lakin heyrətamiz bir parçasıyıq.

Qeyd: NASA və ESA tərəfindən idarə olunan “Ceyms Uebb” teleskopu 2021-ci ilin dekabrında orbitə buraxılıb və hazırda kosmosun dərinliklərindən məlumat toplamaqla məşğuldur. Onun əsas vəzifəsi Kainatın yaranış dövrü və ilk qalaktikaların tədqiqidir.

S.ELAY

XQ

Chosen
17
1
xalqqazeti.az

2Sources