EN

Azərbaycanın pambıq ipliyi ixracı artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıq ipliyinin miqdarı 5 min 418 ton təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə pambıq ipliyinin ixracından ölkəyə 12,9 milyon ABŞ dolları gəlir daxil olub.

Pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 1 123 ton və ya 26,1%, dəyər ifadəsində isə 1,8 milyon ABŞ dolları və ya 16,2% artım göstərib. 2024-cü ilin ilk yarısında pambıq ipliyi ixracı 4 295 ton, dəyəri isə 11,1 milyon dollar olub.

Hesabat dövründə pambıq ipliyinin ümumi ixracda payı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə 0,74% təşkil edib.

Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1% çoxdur.

Bu məbləğin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. Lakin ixrac ötən ilin eyni dövrünə nisbətdə 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə xarici ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 3 dəfə az, yəni 2,677 milyard dollar azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Chosen
5
50
fins.az

10Sources