EN

Azərbaycan hakimliyinin ən yeni tarixi

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev ötən həftə önəmli təyinat aldı. O, gələn həftə UEFA Superkubokunda iş başında olacaq. Məsiyev PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. O, portuqaliyalı Joan Pedro Silva Pineyronun rəhbərlik etdiyi briqadada yer alacaq ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən "Fruili" stadionunda keçiriləcək.

Sözsüz ki, bu, son illərdə hakimlərimə ən böyük etimaddır. Ümumiyyətlə, 2025-ci ilin əvvəlindən FİFA-da I kateqoriyalı iki hakimimiz var ki, bu da ilkdir. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Ancaq 34 yaşlı Məsiyevin karyerasındakı sürətli yüksəliş diqqət çəkməyə bilməz.

Məsiyev 29 iyun 1991-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, 2013-2018-ci illərdə ADBTİA-da qiyabi təhsil alıb. 2017-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2019-cu ilden Premier Liqa oyunlarına referi kimi təyinat alır. 2021-ci ilden FIFA referisidir. 2021-2022 mövsümündə Azərbaycan kubokunun final oynunu idarə edib. 2024-cü ilin dekabrında isə FİFA-nın I kateqoriyasına seçilib. 

Əslində, Məsiyevin yüksək ranqlı oyuna təyinatı gözlənilməz olmadı. Onun iyunda 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsinə cəlb olunması böyük etimaddan xəbər verirdi. Hansı ki, FİFA referimiz Slovakiyada təşkil edilən qitə çempionatının qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə – Niderland (2:1) matçlarıının isə ehtiyat hakimi oldu. Üstəlik, ötən ay UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasına baş hakimlik etdi. 

Təsadüfi deyil ki, U-21-lər arasında Avropa Çempionatından sonra Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers Məsiyevin idarə etdiyi Çexiya – İngiltərə oyununu tribunadan izlədiyini, həmyerlimizin performansını dəyərləndirdiyini bildirib və Elçinin idarəçiliyini çox bəyəndiyini, razı qaldığını deyib. 

Onu da əlavə edək ki, Azərbaycan hakimi kimi beynəlxalq turnirlərin final matçlarına təyinat almış referilərdən yalnız 3 nəfər olub. Söhbət Tofiq Bəhramov, Eldar Əzimzadə və Əliyar Ağayevdən gedir. Bu mənada, Məsiyev dördüncüdür.

Tofiq Bəhramov 1966-cı il dünya çempionatında İngiltərə – Almaniya finalında laynsman kimi çıxış edib. O, məşhur qərarı ilə bütün dünyada tanınır.
Eldar Əzimzadə 1980-ci il Olimpiya Oyunları Çexoslovakiya və Almaniya arasında keçirilən final matçında baş hakim olub.
Əliyar Ağayevə gəlincə, həmyerlimiz 2016-cı ildə U‑19-lar arasında Avropa Çempionatının Fransa – İtaliya finalında əsas söz sahibi olub. 
Elçin Məsiyevin UEFA Superkubokunun finalını idarə edəcək briqadada yer alması müasir hakimlik tariximizdə ən böyük böyük uğurdur.

Məsiyevin Əliyar Ağayevdən 6 yaş gənc olması onun qarşısında daha geniş üfüqlər açır. O, yaxın bir-iki ildə beynəlxalq oyunlarda səhvsiz idarəçilik etsə, elit kateqoriyaya yüksələ, dünya və Avropa çempionatlarının, həmçinin klub səviyyəli qitə turnirlərinin final mərhələlərinə yollana bilər. Belədə o, istisnasız olaraq Azərbaycan hakimliyinin son illər yetişdirdiyi ən nüfuzlu hakimi adına sahiblənəcək. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də nüfuzundan istifadə edib ədalət təmsilçilərimizə yol açmalıdır. İnsafən, onun dövründə hakimlərimizə təyinatlar çoxalıb. Məsiyevin I Kateqoriyaya yüksəlməsi və tarixi ilkin yaşanması da onun rəhbərliyi dövrünə təsadüf edir. 

Fanat.Az

Chosen
12
1
fanat.az

2Sources