Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqli bu ölkənin dağılmış infrastrukturunun, sosial həyatının bərpası baxımından son dərəcə əhəmiyyətlidir. Türkiyənin enerji diplomatiyasının mərkəzinə çevrildiyini vurğulayan Ö.Çelik həmçinin qeyd edib ki, bu addım regionda sabitliyin təmin olunmasına da töhfə verəcək.
Məlum olduğu kimi, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Azərbaycandan Suriyaya qaz nəqli sadəcə iqtisadi məsələ deyil:
“Bu, həm də siyasi mesajdır. Öncə onu deyək ki, Türkiyə hakimiyyət dəyişikliyindən sonra Suriyanın ərazi bütövlüyünün qorunmasında, bu ölkədə rifahın yaxşılaşmasına xüsusi diqqətlə yanaşır. Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması həm də strateji müttəfiq kimi Türkiyənin maraqlarını nəzərə almasını göstərir. Başqa sözlə desək, bu, iki qardaş ölkənin xarici siyasət kurslarını əvvəl olduğu kimi yenə də uyğunlaşdırdıqlarının göstəricisidir.
İkinci bir tərəfdən, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəqli strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın bölgədə yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyə töhfə verən, əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən güclü aktor kimi qəbul olunmasına şərait yaradır. Azərbaycanın iqtisadi və siyasi tərəfdaş olaraq rolu təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə getdikcə artır”.
Siyasi analitikin sözlərinə görə, Azərbaycan enerji təhcizatçısı kimi coğrafiyasının genişlənməsi ona əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradır:
“Azərbaycan üçün yeni mərhələ başlayır. İnidiyə qədər Azərbaycan Avropanın bəzi ölkələrinin qaz ixrac edirdi, ancaq artıq Yaxın Şərqə, xüsusilə Suriya kimi enerji böhranı yaşayan ölkəyə də qaz ixrac edəcək. Bu da ölkəmizin bölgədə daha etibarlı, çevik enerji tərəfdaşı kimi tanınmasına şərait yaradır. Sözsüz ki, bu hadisə həm də Azərbaycanın Yaxın Şərqdə siyasi nüfuzunun genişlənməsinə əhəmiyyətli təsir göstərir.
Bu, həm iqtisadi, həm də regional sabitliyə töhfə verəcək bir layihədir. Həmçinin sosial-humanitar layihə də hesab etmək olar. Çünki Suriya vətəndaş müharibəsindən sonra enerji böhranı yaşayır. Bu layihə Suriyanın sosial-iqtisadi sabitliyinin bərpasına xidmət edəcək. Bu, Türkiyə-Azərbaycan-Suriya üçtərəfli iqtisadi əlaqələrinin daha da inkişafına zəmin yaradır. Azərbaycan və Türkiyənin bölgədə nüfuzu artır. Ölkəmizdə yaşıl enerji üzrə də əhəmiyyətli işlər görülür. Gələcəkdə bu ölkələrlə yaşıl enerji ixracatçısı kimi də əməkdaşlıq edəcəyik”.
//Gülnarə Abasova, Editor.az