EN

"Türkiyə danışıqlarda Rusiyaya təzyiq göstərəcəkmi?" - səfir aydınlıq gətirdi

 
"Sülh danışıqlarında Türkiyə neytral vasitəçi rolunu uğurla oynayır..."
 
Ankaranın neytral mövqeyi onu sülh danışıqları üçün əlverişli bir vasitəçiyə çevirir. Bu, Türkiyəyə həm Ukraynanın suverenliyini tanımaq, həm də Rusiya ilə münasibətləri pozmamaq imkanı verir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
Cəlal qeyd edir ki, Türkiyə hər şeydən öncə öz maraqlarını müdafiə edir. Buna görə də ondan Rusiyaya qarşı sərt mövqe gözləmək reallıqdan uzaqdır: "Bizim vəzifəmiz tərəflərə öz baxışlarımızı anlatmaq və bəzi məqamları izah etməkdir. Amma realist olmalıyıq: Ankara yalnız öz maraqlarını əsas götürür və ondan qeyri-real gözləntilərimiz olmamalıdır. Danışıqlarda isə Türkiyə hələ ki, neytral vasitəçi rolunu uğurla oynayır".
 
Ankara balansı qoruyan meydandır
 
Səfirin fikrincə, Avropa ölkələri artıq Rusiya tərəfindən neytral tərəf kimi qəbul edilmir. Bu səbəbdən də diplomatik müzakirələr üçün onlara etimad göstərilmir. Türkiyə isə həm Kiyevlə, həm də Moskva ilə əlaqələri qoruyaraq danışıqlar üçün yeganə məqbul meydan kimi qalır: "Bir tərəfdən bizə, digər tərəfdən isə ruslara doğru atılan addımlar sayəsində Türkiyə danışıqlar meydanı ola bildi. Bu, həm dünya, həm də Ukrayna üçün vacibdir. Gec-tez danışmağa ehtiyac olacaq və bunun üçün əlaqələr saxlanmalıdır".
 
İstanbul prosesinə hazırlıq mərhələsi
 
Nəriman Cəlal İstanbulda keçirilən görüşlərin faydalı olduğunu bildirir. Məsələn, hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar bu prosesin nəticəsi olub:
"İnsani kanallar vasitəsilə həm öz insanlarımızı xilas edə, həm də əsas mövzu - atəşkəs üzrə hələlik irəliləyiş olmasa da, İstanbul prosesinə marağı qoruyub saxlaya bilirik. Bu, sanki sobanı əvvəlcədən qızdırmaq kimidir ki, lazım olan anda yemək bişirilsin. Hazırkı format da vəziyyəti daim "hazır vəziyyətdə" saxlayır".
 
Rusiyanın mövqeyini yalnız təzyiq dəyişə bilər
 
Cəlal hesab edir ki, Moskvanın mövqeyini dəyişmək üçün hərbi dəstək və sanksiyalar vacibdir. Danışıqlarda isə ABŞ prezidenti və Ərdoğanın iştirakı razılaşmaların zəmanətçisi kimi önəm daşıyır: "Bizə söhbətin nüfuzlu şahidləri və təminatçıları lazımdır. Bu mənada həm ABŞ prezidenti, həm də Türkiyə lideri bu rola uyğundur".
 
Son danışıqlarda yeni təşəbbüslər
 
Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundu keçirilib. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömırov bildirib ki, Kiyev Moskvanı liderlərin görüşünə razı salmağa çalışır. Bu görüşdə həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də ABŞ prezidenti Donald Trampın iştirak etməsi təklif olunub. Ukrayna tərəfi həmçinin atəşkəsə hazır olduğunu açıqlayıb. Ərdoğan da bəyan edib ki, Ukrayna ilə Rusiya tezliklə atəşkəs razılaşmasına gələ bilər və sülh sazişi Türkiyədə imzalana bilər.
Chosen
6
moderator.az

1Sources