Gürcüstanın paytaxtı Tbilisi şəhərini elektrik enerjisi ilə təchiz edən “Telasi” SC-nin serverlərinə haker hücumu qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.
Qeyd olunub ki, avqustun 2-də qeydə alınmış hücum nəticəsində şirkətin müxtəlif proqram modulları və xidmətlərinin işi pozulub. Hazırda abunəçilərə qəzalar və aparılan işlərlə bağlı elektron bildiriş göndərmək, eləcə də Tbilisinin elektrik şəbəkəsində planlaşdırılan işlərin razılaşdırılması haqqında ilkin məlumatı müvafiq təşkilatlara yönləndirmək mümkün deyil.
Şirkətdən bildirilib ki, informasiya texnologiyaları üzrə mütəxəssislər hazırda problemin qısa vaxt ərzində aradan qaldırılması istiqamətində çalışırlar.
“Telasi” yaranan narahatlığa görə abunəçilərindən üzr istəyib, Tbilisinin elektrik enerjisi ilə təchizatının ştat rejimdə həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, elektrik enerjisinin paylanması və satışı ilə məşğul olan “Telasi” SC Gürcüstanın ən böyük şəbəkə şirkətlərindən biridir.