EN

“Sabah”ın əksəriyyətin diqqətindən kənarda qalan uğuru - İlkə imza atdılar!!

“Sabah” Avropa Liqaısnın ilk təsnifat mərhələsində “Çelye”yə uduzsa da, bu komandaya olan inamlar böyük idi.

Zarafat deyil, rəqib Konfrans Liqasının ötən mövsümünün 1/4 finalçısı idi.

Bu baxımdan püşk “Sabah”ın üzünə gülməmişdi. İş orasındadır ki, Sloveniya klubu ilə matçda da bəxt “Sabah”la yaxşı davranmadı.

Komandanın rəngarəng xətti olan hücum bölgəsi bəzi epizodlarda daha dəqiq olsaydı, indi “Sabah”ın Avropa Liqasında potensialı barədə danışırdıq.

Lakin başa-baş keçən mübarizədən “Çelye” yalnız əlavə vaxtda qalib ayrıldı, “Sabah” isə yoluna Konfrans Liqasında davam etməli oldu.

Burada isə rəqib Moldova “Petrokub”u idi. Moldovalılar ötən mövsümdə Konfrans Liqasının əsas mərhələsində iştirak etsə də, heyətinə görə “Sabah” daha şanslı görünürdü.

Hər halda rəqib “Çelye” deyildi. İnsafən, Masazır təmsilçisi ona olan ümidləri tam doğruldtu. İki oyunda qələbə, vurulan 6 qol və Coy-Lens Mikels fərqi!

Almaniyalı hücumçu sanki “Sabah”da əvvəlki formasına qayıdıb. Zarafat deyil, adam yenicə start götürmüş avrokuboklarda artıq 2 dəfə (!) het-trik etməyə nail olub.

Bu, təkcə Mikelsin yox, həmçinin Azərbaycan klublarının tarixində ilk haldır. Bu günə kimi Azərbaycan klublarının heç bir üzvü avrokuboklarda iki het-triklə yadda qalmamışdı.

Mikelsin “Çelye” ilə oyundakı het-triki mərhələnin əldən çıxmasına görə bir qədər kölgədə qalmışdısa, “Petrokub”la oyundakı 3 qol həm də özü ilə qələbəni və mərhələni gətirdi!

Ümumiyyətlə, “Sabah” ötən cümə axşamı “Bank Respublika Arena”da çox parlaq görünürdü. Klub yenə stadionda əsl avrokubok ab-havası yaratmağı bacarmışdı.

“Sabah”ın ilk oyunundan 2:0 hesablı qələbə ilə ayrılaraq növbəti mərhələninin qapısını böyük ölçüdə aralamasına baxmayaraq, azarkeşlər növbəti mərhələ sevincini evdə TV qarşısında yox, Masazırda, tribunada qeyd etməyə qərar vermişdilər.

Belə azarkeşləri sevindirməmək olardımı? Əlbəttə yox. “Sabah” da “Petrokub”la ev oyununda “Bank Respublika Arena”da yaranmış avrokubok ab-havasına əlavə rəng qatdı.

Komandanın baş məşqçisi Valdas Dambrauskas deyəsən, yeni komandasına yavaş-yavaş öz oyununu diqtə etdirə bilir. Cümə axşamı meydanda gördüyümüz “Sabah” izləyənlərə əsl zövq yaşatdı desək, yanılmarıq.

Yeri gəlmişkən, bir çoxunun diqqətindən yayınsa da, “Sabah” “Petrokub”u keçməklə Azərbaycan klubları üçün yeni rekorda imza atdı

. Belə ki, daha öncə heç bir Azərbaycan klubu avrokuboklarda debüt mövsümündən etibarən ardıcıl 3 mövsüm ən azı bir mərhələ keçməmişdi. “Sabah” bu baxımdan ilkə imza atdı.

“Bayquşlar” Avropada debüt etdiyi 2023/24 mövsümündə Latviya RFS-ni (2:0, 2:1), ötən mövsümdə İsrailin Hayfa “Makkabi”sini (3:0, 3:6. Pen-3:2), bu mövsüm isə Moldova “Petrokub”unu (2:0, 4:1) mübarizədən kənarlaşdıraraq, bu müsbət nəticəyə imza atmış oldu.

İndi “Sabah” Bolqarıstanın köklü “Levski” klubunu da məğlub edərək, daha bir uğura imza ata, klub tarixində ilk dəfə avrokuboklarda pley-offa vəsiqə qazana bilər.

Rəqib adlı-sanlı olsa da, keçilməsi mümküsüz rəqib deyil. Əsas olan Sofiyada – çox güman anşlaqla müşahidə olunacaq oyundan sərfəli nəticə ilə qayıtmaqdır.

İstər “Çelye” ilə mübariz oyun, istərsə də “Petrokub” üzərində 6 qollu mərhələ sevinci buna ümid verir. Qalır, bu ümidi yaşıl meydanda nəticəyə çevirmək.

Xəlil Sadıq

Chosen
7
sportinfo.az

1Sources