EN

İstehlak kreditlərinə tələbat sürətlə artır - 6 aya 9 milyard manat...


Məlum olduğu kimi, hər bir ölkədə əhalinin istehlak kreditinə olan tələbinin artmasına müxtəlif amillər təsir edir.

Ümumi araşdımalar göstərir ki, insanların gəlirlərinin onların xərclərini tam ödəyə bilməməsi kredit məhsullarına tələb yaradan ən vacib amildir. Azərbaycanda insanların maliyyələşmə alternativləri çox deyil. Məsələn, qiymətli kağızlar bazarı o səviyyədə inkişaf etməyib ki, sahibkarlar səhmlərin emissiyası vasitəsilə bizneslərinə maliyyə cəlb edə bilsinlər və ya sosial müdafiə sistemi o qədər əhatəli deyil ki, insanlar müəyyən ehtiyaclarını həmin sosial fondlar hesabına qarşılasınlar. Bank kreditlərinin Azərbaycan iqtisadiyyatının vəziyyətinə və insanların rifahının qorunmasına ciddi təsiri mövcuddur. Ona görə də, insanların qazancları onların cari xərclərini qarşılamağa yetmədiyi hallarda, ilk ağla gələn çıxış yollarından biri bank kreditləridir. Bunlar fonunda diqqət çəkən hal oldur ki, Azərbaycanda bankların verdiyi kreditlərdə istehlak kreditinin həcimi artıb.

Qeyd edək ki, istehlak kreditləri şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsanlara məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi verir. İstehsal krediti isə sırf istehsal fəaliyyəti ilə məşğul olan biznes sahibləri üçün nəzərdə tutulan kredit məhsuludur. Azərbaycan banklarının 2025-ci ilin ikinci rübünün sonuna əhaliyə verdiyi istehlak kreditləri həcmi ilin əvvəli ilə müqayisədə 5.4 faiz artım göstərərək 8 milyard 898 milyon manata yüksəlib. Bu fonda Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Qurumun apardığı təhlilərə görə, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Vurğulandığına görə, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub. Qurum bildirib ki, istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib: “Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına q arşı öhdəliklərini də nəzərə almaqla hesablanır”. Qurumun açıqlamasına görə, bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və bankların riskləri daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək: “Nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra birinci dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır”.

Yeri gəlmişkən, ölkədə problemli kreditlər də artır. 2025-ci ilin iyunun sonunda ölkədə vaxtı keçmiş kreditlərin həcmi 527,4 milyon manat civarında olub. Mərkəzi Bankın açıqlamasına görə, həmin rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat (16,8 faiz), bu ilin may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat (3,8 faiz) çoxdur. Bu arada avqustun 1-dən habelə banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə start verilib. Sözügedən proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra Mərkəzi Bank tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc, yəni zəmanət olunmalıdır. Ötən ay isə Mərkəzi Bankın darə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” qüvvəyə minmişdi. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə 100 min manat müəyyən edilib. Bu dəyişikliklərin BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi ilə atıldığı açıqlanıb. Amma bəzi ekspertlər də deyirlər ki, bununla BOKT sayı bir az da azalacaq. Son illər BOKT-in sayı bir neçə dəfə azalıb. Son statistik məlumatlara görə, onların sayı 56-ya düşüb. Halbuki, 2015-ci ildə baş verən iki devalvasiyaya (manat iki dəfə dəyər itirdi) qədər onların sayı 160-a bərabər idi. BOKT arasında ikinci “ yarpaq tökümü” isə koronavirus pandemiyası dönəmində baş verib. Xatırladaq ki, bank olmayan kredit təşkilatı xüsusi razılıq əsasında kreditlərin verilməsi üzrə ixtisaslaşmış kredit təşkilatıdır. Buna qədər bu növ kredit təşkilatlarının yardılması üçün minimum 300 min manat nizamnamə kapitalı tələb edilirdi. Azərbaycanda son 10 ildə bankların da sayı yarıbayarı azalıb. 2014-cü ildə onların sayı 44 idisə, indi bu rəqəm 22-dir.

Ramil QULİYEV

Chosen
32
baki-xeber.com

1Sources