Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə D.Qulmanova diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir. O, Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib.
Sahibə Qafarova konfransın iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. Milli Məclisin sədri ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini xatırlayaraq, ali qonağın həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşünün və aparılmış müzakirələrin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib.
Görüşdə xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyi, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.