Natiq Cəfərli: “Biz Rusiyanın reaksiyasını təhdid kimi yox, fürsət kimi dəyərləndirməliyik”
Son vaxtlar Rusiyada azərbaycanlılara qarşı sərt siyasət davam edir. Məlumdur ki, Rusiyada yaşayan azərbaycanlıların bir qismi ticarətlə məşğuldur, bazarda aqrar məhsullar satır.
Məlumata görə, Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib. Bu addım Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan diasporasına təzyiqi ilə bağlı ola bilər.
Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.
Yekaterinburqda azərbaycanlılara məxsus bazarın ləğv edilməsi ilə Rusiyada bazarlarda işləyən azərbaycanlıların kütləvi geri dönüşü baş verə bilərmi?
“Rusiya öz imperialist düşüncəsinə “sadiq qalaraq”, Azərbaycana müəyyən təzyiqlər etmək üçün bu iki bazarda fəaliyyət göstərən azərbaycanlıların taleyindən istifadə etməyə çalışacaq”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Moskvadakı bazarlar Yekaterinburqdakı bazarlardan qat-qat fərqlidir. Moskva bazarları ərazisinə və təchizatına görə də seçilir. Bu bazarlar Moskvanın ərzaq təzhizatında mühum rol oynayır: "Sadovod" və "Food City" bazarlarının kənd təsərrüfatı və ya ərzaq məhsulları Moksva və Moskva vilayətinin təminatında ciddi rol oynayır. O bazarların bağlanması bütün logistik zəncirlərin qırılmasına səbəb olar. Bu da Rusiya bazarında boşluğa səbəb ola bilər. Ona görə hesab etmirəm ki, Moskvadakı bazarlara ciddi təzyiqlər olsun. Ancaq hər halda Rusiya öz imperialist düşüncəsinə “sadiq qalaraq”, Azərbaycana müəyyən təzyiqlər etmək üçün bu iki bazarda fəaliyyət göstərən azərbaycanlıların taleyindən istifadə etməyə çalışacaq. Hesab edirəm ki, məlum vəziyyətlə bağlı Azərbaycan hökuməti daha rahat davranmalıdır. Məlumdur ki, Rusiyada yaşayan soydaşlarımız bir neçə qrupa ayrılır. Belə ki, Rusiya vətəndaşı olanlar miqrant sayılmır, onlarla qanun çərçivəsində davranılır. Rəsmi icazə ilə işləyənlərə də şamil olunmur. Ancaq Rusiyada qeyri-rəsmi işləyənlər var. Onlarla bağlı hökumət müəyyən addımlar atır və atacaq. Əslində bu hal böyük fəlakət deyil, bunu fürsətə çevirmək lazımdır. Azərbaycanlıların geri dönüşü baş verərsə, onların Qarabağda yerləşdirilməsi, bizneslə məşğul olması üçün şərait yaradılmalıdır. Biz Rusiyanın reaksiyanı təhdid kimi yox, fürsət kimi dəyərləndirməliyik”.
Günel CƏLİLOVA