EN

Köçürülən Şanxay sakinlərinin narazılığına ADY dən reaksiya, icra isə susur

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nərimanov rayonunda, “Şanxay” adlanan ərazidə yaşayan sakinlər onillərdir yaşadıqları evlərdən məcburi şəkildə köçürülməsi narazılıq yaradıb. Onların yaşadıqları evlərin qanunsuz tikildiyi və dəmir yolunun mühafizə zolağında yerləşdiyi bildirilir.

Ölkə.Az xəbər verir ki, ərazidəki sakinlər daha əvvəl dəfələrlə köçmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etsələr də, nəticəsiz qalıb. Onları onillərdir yaşadıqları evlər qəfildən sökülməsindən və vaxt verilməməsindən narazıdırlar.

Digər bir məsələ isə budur ki, sökülən evlərin qarşılığında kompensasiya ödənişi barədə heç nə deyilmir. 

Sakinlər deyir ki, təxminən bir ay əvvəl ADY və Nərimanov RİH nümayəndələri əraziyə gəlib, evlərə baxış keçirib, evlərin sahəsi ölçülüb, sayğacların fotosu çəkilib.

İnsanlar əlavə edirlər ki, onillərdir kommunal xidmətlərdən istifadə edirlər, qaz, su, elektrik enerjisinə görə dövlət qurumlarına pul ödəyirlər.

Yaranmış vəziyyətlə bağlı Ölkə.Az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, atılan addımlar nəqliyyata yaranan çətinliklər və təhlükəsizlik riskləri ilə bağlıdır:

“Nərimanov Rayon Polis İdarəsində Nərimanov rayonu, Bakı sərnişin – Keşlə sahələrində dəmir yollarının mühafizə zonasında ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Məhkəmə qərarına əsasən də, buradakı tikililər qeyri-qanuni tikililərdir. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Son illərdə ölkəmizin dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu işlər çərçivəsində dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin sakinlər üçün ciddi riskdir. Hazırkı tədbirlər infrastrukturun modernləşdirilməsi, genişləndirilməsi və təhlükəsizliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı planın tərkib hissəsidir.

Dəmir yollarının mühafizə zolağında yerləşən tikililər bir tərəfdən dəmiryol nəqliyyatına ciddi problemlər yaradır, digər tərəfdən də sakinlərin özləri üçün təhlükə kəsb edir. Son 3 ildə dəmir yolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbaxt hadisə baş verib, 30-dan artıq insan həyatnı itirib və ya ağır xəsarət alıb. Hər hansı bir hadisə baş verdikdə əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir.

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Keşlə-Böyükşor sahələrində mühafizə zolağı nəzərə alınmadan tikilən evlər ciddi təhlükə törədir.

Dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Bu zolağın eni 20 metrdən 50 metrə, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir və xüsusilə təhlükəsizliyin təmin edilməsi məqsədilə ayrılır.

Ümumiyyətlə, Azərbaycan Dəmir Yolları qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Lakin dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır.

Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir. Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir”.

Uzun illər ərazidə insanların məskunlaşdığı halda, nə üçün birdən-birə onların evdən çıxarılması, sözügedən evlərdə yaşayan sakinlərə kompensasiya ödənişin edilib-edilməməsi və s. suallara aydınlıq gətirmək üçün Nərimanov RİH-ə də müraciət etdik.

Müraciətimizdən bir həftə ötməsinə baxmaraq qurumdan heç bir cavab verilməyib.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
olke.az

2Sources