EN

BP son 25 ilin ən böyük neft və qaz yatağını kəşf edib

BAKI, 5 avqust. TELEQRAF

Britaniyanın neft və qaz şirkəti BP (British Petroleum) avqustun 4-də Braziliya sahillərində şirkət üçün son 25 ildə ən böyük neft və qaz yatağının kəşf edildiyini elan edib.

Teleqraf xəbər verir ki, “Bumeranq” adı verilən kəşf ölkənin cənub-şərqində, Rio-de-Janeyrodan 404 kilometr aralıda yerləşən Santos hövzəsində edilib.

Yataq Atlantik okeanında, duz qatının altında yerləşir. BP 2022-ci ilin dekabrında hərracda aşkar edildiyi ərazidə faydalı qazıntıların çıxarılması hüququnu alıb. Şirkət 5855 metr dərinliyi olan quyu qazıb və ümumi sahəsi 300 kvadrat kilometrdən çox olan üstü açılmış mineral ehtiyatları aşkar edib.

Qeyd edilir ki, karbon qazının artan konsentrasiyası hasilatı çətinləşdirə və emal xərclərini artıra bilər. BP hazırda yatağın potensialını dəqiq müəyyən etməyə imkan verəcək əlavə laboratoriya tədqiqatları aparır.

"Bumeranq" artıq BP-nin 2025-ci ildə kəşf etdiyi onuncu neft-qaz yatağıdır. Bundan əvvəl şirkətin mütəxəssisləri təkcə Braziliyada deyil, Trinidad, Misir, Meksika körfəzi, Liviya, Namibiya və Anqolada da yataqlar aşkar ediblər.

Bumeranqdan əvvəl Britaniya şirkətinin tarixində 25 il ərzində ən böyük yataq 1999-cu ildə Azərbaycanda kəşf edilən Şahdəniz yatağı olub. Onun sahəsi 140 kvadrat kilometrdən çoxdur. BP yatağın operatorudur, lakin orada hasilatı Rusiyanın özəl şirkəti "Lukoyl", həmçinin Azərbaycan və Türkiyənin dövlət şirkətləri - SOCAR və TPAO həyata keçirir.

Chosen
5
teleqraf.com

1Sources