Hollandiya Ukraynaya Patriot da daxil olmaqla 500 milyon avro dəyərində Amerika silah sistemləri verəcək. Bu barədə X sosial şəbəkəsində ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib.
"Ukraynanın indi daha çox hava hücumundan müdafiə sistemi və sursata ehtiyacı var. Hollandiya 500 milyon avro dəyərində Amerika silah sistemləri paketini tədarük edən NATO-nun ilk müttəfiqi olacaq", - o yazıb.
İyul ayında ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz vermişdi. Siyasətçi Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin vurğulayıb ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəməli olacaq.
Buna cavab olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrini “cüzdanlarını açmağa” və Ukrayna üçün Amerika silahları almaq üçün tez vəsait toplamağa çağırıb.
Əziz Mustafa