Günəşdə avqustda artıq dördüncü olan sondan əvvəlki güc sinfinə (M) məxsus partlayış qeydə alınıb.
Moderator.az bildirir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Avqustun 5-də Moskva vaxtı ilə saat 05:12-də (Bakı vaxtı ilə 06:12 - red.) 4168 (N04E03) Günəş ləkələri qrupunda rentgen diapazonunda 30 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.
Qeyd edək ki, daha əvvəl alimlər avqustun ilk həftəsonunda böyük partlayışlar riskinin artacağını proqnozlaşdırmışdılar. Bu gün baş verən M sinifli partlayış isə artıq avqust ayında dördüncü olub.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.