Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 5 avqust, AZƏRTAC
Beynəlxalq münasibətlər sistemində mürəkkəb proseslərin davam etdiyi bir şəraitdə Azərbaycan regionda sabitlik və tərəfdaşlıq modeli nümayiş etdirir. Son illər enerji sektorunda həyata keçirdiyi ardıcıl və strateji addımlar, xüsusilə də qaz ixracında göstərdiyi çeviklik və praqmatik yanaşma ölkəmizi qlobal enerji xəritəsində etibarlı və perspektivli tərəfdaş kimi təsdiqləyir. Artıq Azərbaycanın enerji siyasəti təkcə Avropa ilə məhdudlaşmır. Ölkəmizin Yaxın Şərqə - Suriyaya qaz ixracı regionlararası enerji əməkdaşlığında yeni səhifə açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan enerji ixracında diversifikasiyanı təmin etməklə yanaşı, həm də iqtisadi-siyasi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər və region ölkələrinin enerji təhlükəsizliyi baxımından yeni mənbə axtarışları fonunda Azərbaycanla əməkdaşlıq həm texniki, həm də strateji baxımdan daha yüksək dəyər qazanır. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına cari il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında start verilib. Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir.
Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycanın Suriyaya qaz ixrac etməsi ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə çatdırılması prosesinin növbəti mərhələsindən xəbər verir. Bu addım nəinki ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Yaxın Şərqin siyasi-iqtisadi proseslərinə olduqca vacib müsbət təsir göstərəcək. Azərbaycanın bu məsələdə böyük təcrübəsi var. Suriyaya qaz ixracının başlanması bu prosesin təkcə iqtisadi deyil, siyasi nəticələr doğuracağına da işarədir. Azərbaycanın bu təşəbbüsləri təkcə enerji resurslarının ixracı deyil, eyni zamanda, regional təsir gücünün genişləndirilməsi, Yaxın Şərqdəki bir sıra ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, yeni diplomatik kanalların açılması baxımından da mühüm hadisə kimi dəyərləndirilir. Bütün bunlar Azərbaycanın yeni iqtisadi reallıqlara uyğun mövqelənməsini və enerji siyasətində çevik, çoxvektorlu diplomatiya yürütməsini göstərir.
“Azərbaycan-Suriya əlaqələri, eyni zamanda, Azərbaycanın Yaxın Şərq siyasətinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan qazı üçün dünyada rəqabət artır. Eyni zamanda, Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir. Azərbaycanın qazı Türkiyə üzərindən Yaxın Şərqə çatmaq potensialına malikdir. Bu istiqamətdə regional interkonnektor sistemləri genişləndikcə, Azərbaycan qazının dolayı yolla Yaxın Şərq bazarlarına daxil olması mümkün olacaq. Beləliklə, Azərbaycanın bu bölgədə enerji əməkdaşlığı platforması yaratması qlobal enerji təhlükəsizliyi, qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bütün bunlar həm də, ölkəmizə siyasi dividentlər də qazandırır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.