EN

İran hakimiyyəti daxilində güc nisbətini Pezeşkianın xeyrinə dəyişdirən böyük hadisə baş verdi...


Aytən Rəhimli: “...Ali dini liderin SEPAH-dan fərqli olaraq Pezeşkiana yumşaq ritorika ilə yanaşmasının altında hakimiyyətin qorunması yatır”

İranın Ali Milli Təhlükəsizlik Şurası Konstitusiyanın 176-cı maddəsini əsas tutaraq, ölkədə “İran Müdafiə Şurası”nın yaradılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi məlumat yayıb.

Məlumata görə, Müdafiə Şurası müdafiə layihələri və silahlı qüvvələrin bacarıqlarını gücləndirməyi diqqətli şəkildə araşdıracaq.

Bu şuraya İran prezidenti başçılıq edəcək. Məhkəmə Sisteminin rəhbəri və parlament sədri, silahlı qüvvələrin komandanları və bəzi əlaqədar nazirlər şuranın üzvləri olacaq.

2 avqustda İranda Müdafiə Şurasının yaradılması ilə bağlı məlumatlar yayılıb. İsrailin iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək hücumlar etməsindən sonra İranda belə bir qurumun yaradılması nəzərdə tutulub. İsrailin həyata keçirdiyi hava hücumları və reydlər əsasən nüvə obyektlərinə, hərbi komandirlərə, tanınmış nüvə fiziklərinə və hava bazalarına yönəlib.

Müdafiə Şurasının yaradılması, həm də prezident Pezeşkianın siyasi mövqeyinin gücləndirilməsi deyilmi? Bu, İran hakimiyyəti daxilində güclərarası nisbətin dəyişdirilməsi sayıla bilərmi? Pezeşkianın, xüsusilə son cəsarətli bəyanatlarından sonra bu təsadüf hesab edilə bilərmi?

Tədqiqatçı Aytən Rəhimli “Bakı-Xəbər”ə bildirdi ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Konstitusiyanın 176-cı maddəsinə əsasən Müdafiə Şurasının yaradılmasını, İran mediasına istinad edərsək, artıq təsdiqləyib. Bu barədə Şuranın Katibliyi rəsmi olaraq açıqlama da verib. Açıqlamada Müdafiə Şurasının yaradılması ölkənin müdafiə planlarının mərkəzləşdirilmiş qaydada və silahlı qüvvələrin imkanlarının artırılması məqsədi daşıyacağı ilə əsaslandırılır, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müxtəlif qoşun növlərinin komandirləri və müvafiq nazirliklərin nümayəndələri daxil olan bu şuraya prezident Məsud Pezeşkianın rəhbərlik edəcəyi bildirilir.

Əslində burada sual ortaya çıxır. Azərbaycanla münasibətlərin bərpası da daxil olmaqla, bir çox məsələdə səsləndirdiyi fikirlərdən dolayı ciddi tənqidlərə məruz qalan, həmçinin SEPAH-ın “yola vermədiyi” prezident Pezeşkianın səlahiyyətlərinin artırılmasında dövlət nə qədər maraqlıdır? Əlbəttə, 12 günlük İsrail-İran müharibəsi İranın siyasi hakimiyyəti üçün, yumşaq desək, təcrübə oldu. Çünki illərdir İsrailə, Amerikaya meydan oxuyan SEPAH generalları ciddi reputasiya itirdi (nəzərə alsaq ki, daha öncələr də İsrailin xüsusi xidmət orqanları Tehranda ciddi əməliyyatlar keçirmişdi). Bu isə hələ 2022-ci ildən xalq ayaqlanması ilə titrəyən Tehran hakimiyyətinin sütunlarında ciddi çatlar yaratdı. Şübhəsiz, Pezeşkian kimi reformistin də seçilməsinə və fəaliyyətinə bu səbəblərdən dolayı göz yumuldu. Fəqət hələ də SEPAH-ın yüksək çinli generalları prezident və onun mövqeyi ilə barışmırlar. Ən azından, uzun müddət Suriyada SEPAH “generalı” olaraq xidmət edən, hazırda isə Ermənistanda ermənilərdən daha çox “Zəngəzur məsələsi”ində həssaslıq göstərən səfir Mehdi Sübhaninin Pezeşkianın Azərbaycanla bağlı açıqlamalarından dərhal sonra müsahibələr verməsi bunun ən bariz nümunələrindəndir. Xüsusilə SEPAH-a bağlı bir çox qurum və şəxslər Pezeşkianın əleyhinə əllərindən gələni hər vəchlə icra edirlər.

Fəqət Ali dini liderin SEPAH-dan fərqli olaraq Pezeşkiana yumşaq ritorika ilə yanaşmasının altında hakimiyyətin qorunması yatır”.

A.Rəhimli vurğuladı ki, Pezeşkianın ancaq qaz-su-işıq məsələlərinə deyil, həm də birbaşa təhlükəsizlik məsələlərinə də nəzarət edəcək olması Ali Rəhbərin yeni balans siyasəti izlədiyini göstərmək üçün bir həmlədir: “Eyni zamanda, Pezeşkianın gücünün nəzarətli şəkildə artırılması, amma onun real səlahiyyətlərinin nələrdən ibarət olacağı haqda məlumat verilməməsi prezidentin mövqeyinin güclənəcəyini də düşünməyimizə əsas verməməlidir.

Not: 1980-1988-ci illər ərzində İraq-İran müharibəsi zamanı da bənzər şura “Şura-ye Defa” (Müdafiə Şurası) yaradılmış, ancaq prezidentin deyil, Ali Rəhbərin və İnqilab Keşikçilərinin (IRGC) nəzarətində icra edilmişdi. Müharibə sonrası buraxılan Müdafiə Şurası ciddi siyasi dəyişikliklərə də səbəb oldu. Belə ki, SEPAH ciddi və güclü, müstəqil hərbi-siyasi aktora çevrildi, Müdafiə sahəsində qərarlar artıq “Şurayi Aliye Amniyate Melli” (Ali Təhlükəsizlik Şurası) tərəfindən alınmağa başladı, prezidentin fəaliyyəti daraldıldı.

Görünür, Ali dini liderin indiki gedişatda güc balansının yaranmasında tarixi “ədalət” və “zərurət”i nəzərə almaqda öz səbəbləri var...”

İradə SARIYEVA

Chosen
36
baki-xeber.com

1Sources