Avqustun 5-də ABŞ fond bazarlarında əsasən eniş müşahidə olunub.
"APA-Economics" S&P 500 indeksi 0,49% və ya 30,75 bənd azalaraq 6 299,19 bəndə enib. Nasdaq Composite 0,65% (137,03 bənd), Dow Jones isə 0,14% (61,90 bənd) geriləyib. NYSE Composite indeksi də 0,16% və ya 31,76 bənd azalıb. Yeganə müsbət dinamika Kanadanın S&P/TSX Composite indeksində müşahidə olunub – bu indeks 2,03% (549,65 bənd) artaraq 27 570,08 bənd təşkil edib.
Avropa fond bazarlarında əsas indekslər əsasən müsbət dinamikaya malik olub. Almaniyanın DAX indeksi 0,37% (88,38 bənd), Böyük Britaniyanın FTSE 100 indeksi 0,16% (14,43 bənd), İspaniyanın IBEX 35 indeksi isə 0,15% (21,40 bənd) artıb. Euro Stoxx 50 indeksi də 0,14% (7,27 bənd) yüksəlib. Yeganə azalma Fransanın CAC 40 indeksində müşahidə olunub – bu indeks 0,14% (10,97 bənd) azalıb.
İllik müqayisədə ən yüksək artım 38,22% ilə İspaniyanın IBEX 35 və 37,41% ilə Almaniyanın DAX indeksində qeydə alınıb. ABŞ bazarlarında isə Nasdaq Composite son 1 ildə 27,80% artım nümayiş etdirib.
Valyuta bazarında isə avronun dollara qarşı məzənnəsi 0,03% azalaraq 1,1579 səviyyəsinə düşüb. Bu, Avrozona üzrə inflyasiyanın zəifləməsi və Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti davam etdirə biləcəyi ehtimalı ilə izah olunur.
Bazarlardakı dəyişkənliyə əsas səbəb kimi investorların FED-in növbəti faiz qərarına dair gözləntiləri və zəif iqtisadi göstəricilərlə bağlı ehtiyatlı mövqe tutmaları göstərilir. Xüsusilə texnologiya və sənaye səhmlərindəki satışlar indekslərə mənfi təsir edib.