EN

İstirahət və gəzinti üçün kənd turizminin xüsusi özəllikləri var

Azərbaycanda kənd turizmi hər zaman mövcud olub. Kənd turizmi saf təbiətə, qədim tarixə, fəal istirahətə açılan qapıdır. Hələ sovet dövründən əvvəl də şəhər sakinləri yay aylarında dağlara - yaylaqlara qalxar, kimi qohum-əqraba yanında qonaq qismində, kimi kənd evlərini icarəyə götürərək orada dincəlirdilər. Hətta çadırdan alaçıq qurub iki-üç günlüyə dincələnlər də olurdu. Aran bölgəsindən olan bəzi iri təsərrüfat sahibləri mal-qaranı özləri ilə yaylağa qaldırardılar. 

Ölkəmiz ötən əsrin 90-cı illərində öz müstəqilliyinə nail olduqdan sonra, xüsusilə 2000-ci illərdən başlayaraq dağ və dağətəyi rayonlarda, suyu və havası təmiz olan kənd yerlərində istirahət edənlərin sayı ilbəil artmağa başladı. Hazırda Nabran və ətraf qəsəbələrdə, Gədəbəy, Daşkəsən, Göygöl, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Quba, Qusar və digər rayonların kəndlərində yerli sakinlər evlərindəki otaqları və həyətyanı sahələrdəki köhnə tikililəri təmir edərək turistlərə kirayə verirlər. Kənd turizmi aran rayonlar istisna olmaqla ölkəmizin demək olar ki, bütün bölgələrində geniş yayılıb. 

Kənd turizmi bölgələrin inkişafına töhfə verir

Hər rayonun özünəməxsus üstünlükləri var ki, bu da kənd turizmini daha cəlbedici edir. Məsələn, Kiçik Qafqaz dağının döşündə, Gəncədən cəmi 23 kilometrlik məsafədə yerləşən Hacıkənd gəncəlilər və ətraf rayonların əhalisi üçün əlverişli istirahət yeridir. Yayın qızmar günlərində orada bir dənə də olsun boş mənzil tapmaq olmaz. 

Eləcə də Gədəbəy rayonu. Bu rayon və onun kəndləri, buz bulaqlı meşələri Qərb bölgəsinin, ən çox da Şəmkir, Samux, Tovuz, Ağstafa rayonlarının aran hissəsi camaatın üz tutduqları istirahət məkanlarındandır. Bir məqamı da qeyd edək ki, son illər Gədəbəy şəhəri, eləcə də onun qəsəbələri xeyli abadlaşıb. Əsaslı təmir edilən və asfalt döşənən yollar, yolayrıcılarını istiqamətləndirən xətlər, gedəcəyin kəndə "bələdçilik edən" göstəricilər, ətrafındakı yaşıllıqlar hərəkət üçün rahatlıq yaradır. Gədəbəy təkcə yaşıllığı və əsrarəngiz təbiəti ilə deyil, qədim tarixi abidələri ilə də diqqətçəkəndir. Şənbə-bazar günləri bu rayona Şəmkirdən, Samuxdan, Tovuzdan, lap elə Gəncənin özündən, hətta Goranboydan və Yevlaxdan bir günlüyə də olsa gəlib havasını dəyişmək, can yorğunluğunu Gədəbəy meşələrində qoyub-getmək istəyənlər çoxluq təşkil edir. Bir maraqlı məqam da var ki, Gədəbəydə istirahət mərkəzlərində dincələnlərin ən çox "əlindən tutan" odur ki, əziyyət çəkib dükana-bazara getmirlər. Təzə bal, qaymaq, qatıq, süd, quzu əti, çolpa, kənd yumurtası, göy-göyərti, meyvə və digər ərzaq məhsulları qapının ağzında alıcısını gözləyir. Kənd camaatı həyətyanı sahəsində yetişdirdiyi məhsulları dükan-bazara aparmır. Ucuz və sərfəli qiymətə səyahətçiyə satıb istirahəti və təsərrüfatı ilə məşğul olur. Bu həm alıcı-turist, həm də satıcı-kəndli üçün çox sərfəlidir. Çay qırağında alaçıq qurub istirahət edənlərin, çör-çöp yığıb samovar tüstülədənlərin, şəxsi avtomobillərində ailəvi gəlib bulaq başında süfrə açanların istirahətləri bir yana, yayın bu qızmar çağında ələ düşməz bu dağ havası və mənzərəsi xüsusən də azyaşlıların ən maraqlı, ən yaddaqalan xatirələrindən sayılır. 

Kənd turizmi deyəndə yada düşən rayonlardan biri də İsmayıllıdır. Dağ-meşə relyefi, təmiz havası və qədim kəndləri ilə seçilən bu bölgədə - Lahıc və Basqal kəndlərində sənətkarlıq, xüsusilə misgərlik turistlərin böyük marağına səbəb olur. Burada həm də şərabçılıq və üzümçülük ənənələri qorunub saxlanılır. Şəki rayonu isə tarixi abidələri, Xan Sarayı, Böyük Karvansara, Kiş məbədi və zəngin mətbəxi ilə turistləri cəlb edir. 

Quba rayonunda yerləşən Xınalıq və Qrız kimi dağ kəndləri isə qədim yaşayış tərzini qoruyub saxlamış nadir məkanlardır. Bu kəndlərdə etnik-mədəni müxtəliflik, təbii gözəllik və xalq sənətkarlığı bir araya gəlir.

Qax rayonu da kənd turizmi üçün əlverişli bölgələrdəndir. İlisu kəndi, alban abidələri, dağ mənzərələri və yerli kulinariya burada əsas cəlbedici elementlərdəndir. 

Lənkəran rayonu subtropik iqlimi, çay plantasiyaları, sitrus bağları və Hirkan Milli Parkı ilə fərqlənir. Lerik rayonu isə təmiz təbiəti, dağlıq relyefi və uzunömürlü insanları ilə tanınır. Burada folklor elementləri, yürüş marşrutları və ekoloji turizm imkanları genişdir.

Qarabağ və Şərqi Zəngəzur kənd turizmi üçün ən əlverişli məkanlardandır 

Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə deyil, həm də turizm potensialına görə diqqət mərkəzindədir. Füzuli rayonunda yerləşən kurqanlar, Azıx mağarası və digər arxeoloji abidələr təkcə Azərbaycan deyil, dünya miqyasında nadir tarixi irs nümunələridir. Azıx mağarası dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab edilir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində 350-400 min il əvvələ aid insan qalıqları aşkarlanıb. Bölgədə arxeoparkların yaradılması, tədqiqatların davam etdirilməsi və turizm marşrutlarının açılması Qarabağın daş dövrü irsinin geniş tanıdılmasına xidmət edəcək.

Xocavənd rayonunun Tuğ kəndi tarixi memarlığı, təbiəti və şərabçılıq ənənələri ilə kənd turizmi üçün ideal məkandır. Tuğda aqroturizm, ekoturizm və mədəni turizmin paralel inkişafı mümkündür. Burada keçmiş şərab istehsalı ənənələrinin bərpası, festivalların təşkili və tarixi memarlığın qorunması kimi layihələr həyata keçirilə bilər. Şuşa şəhəri və ətraf ərazilər, xüsusilə Turşsu və Dəmirsu kimi müalicəvi suların olduğu bölgələr sanatoriya və sağlamlıq turizminin yenidən inkişafı üçün əlverişli şərait yaradır. Bu mineral sular vaxtilə mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsində təsirli olub, sovet dövründə minlərlə insanın müalicə aldığı yerlər idi. İndi onlar əvvəlki kimi insanlara xidmət edəcək.

Ağdam, Suqovuşan, Hadrut, Talış, Kəlbəcər və Laçın kimi ərazilərdə də kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə həm dağ, həm meşə, həm də düzənlik relyeflərinin bir araya gəlməsi təbiətlə təmas istəyən turistlər üçün ideal şərait yaradır. Bu ərazilərdə nəqliyyat infrastrukturunun yenilənməsi isə turizm axınını artıracaq.

Hazırda bu rayonlarda geniş bərpa işləri həyata keçirilir. Tarixi, mədəni və dini abidələrin bərpası ilə yanaşı, kənd təsərrüfatı sahələrinin canlandırılması da kənd turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Bölgəyə həm yerli, həm də xarici turistlərin marağını artırmaq üçün kompleks turizm infrastrukturları yaradılır. 

Qusar, Xaçmaz, Şamaxı, Qəbələ, Zaqatala, Balakən, Tovuz, Gədəbəy, Yardımlı, Masallı, Ordubad və digər bölgələr də kənd turizmi üçün yüksək potensiala malikdir. Hər rayonun özünəməxsus təbiəti, mətbəxi və mədəniyyəti onu fərqli bir turizm məkanına çevirir.

Beləliklə, kənd turizmi təkcə regionların sosial-iqtisadi inkişafı baxımından deyil, həm də ölkənin ümumi turizm strategiyasının bir hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı ucqar kəndlərin boşalmasının qarşısını almaq, əhalinin rifahını artırmaq, iş yerləri açmaq və vergi daxilolmalarını artırmaq baxımından mühüm imkanlara malikdir.

Rəhman SALMANLI, 

"Azərbaycan"

Chosen
115
9
azerbaijan-news.az

10Sources