EN

Yenə də Qurban Qurbanov...

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Mark Zukerberq sağ olsun, bizə "Feysbuk” kimi bir möcüzə bəxş edib. Fikirlərimizi paylaşır, sözümüzü deyirik, başqalarının nə düşündüyündən də orda xəbər tutmaq imkanımız olur. Bir də "Feysbuk”un tarixi unutdurmamaq özəlliyi var. İllər öncə ayın hansısa günündə nə yazıb, na paylaşdığını "Xatirələr” bölümündə saxlayır, sənin qarşına çıxarır. Demək olar ki, hər səhər o bölümə daxil olur, keçmişə qayıdır, ötən günləri xatırlayıram...

Hər yayın bu vədəsi Qurban Qurbanov və onun çalışdırdığı "Qarabağ” bizim həyatımıza rəng qatıb, qələbələrlə bizi sevindirib, məğlubiyyətlərə üzülmüşük. Həmin məğlubiyyətlər də Avropanın adlı-sanlı klublarına qarşı oyunlarda olub. Misal üçün, 10 il bundan əvvəl avqustun 5-də "Qarabağ” "Seltik”lə Çempionlar Liqasında qarşılaşırmış. Şotlandiyada 0:1 hesabıyla məğlub olduğumuz rəqiblə Bakıda başabaş oynasaq da, onların qapısına yol tapa bilməmişdik. 90 dəqiqənin sonunda 0:0 hesablı heç-heçəyə üzülmüşdük. Təsəvvür edin, "Seltik”lə oyunda. Şotlandiyanın iki nəhəngindən birini məğlub edə bilməməyimizə təəssüflənmişdik. 

"Qarabağ” 12-ci ildir ki, bu enişli-yoxuşlu yollarda yürüməyə davam edir. Sevindirir, üzür, təəssüfləndirir. Amma bir missiyanın öhdəsindən lazımınca gəlir. Həmin missiya da Azərbaycan futbolunu Avropada, qitənin nəhənglərinə qarşı oyunlarda layiqincə təmsil etmək missiyasıdır. O Azərbaycanın ki, bir normal futbolçu yetişdirə bilməmişik. Uzağa getmək lazım deyil, qonşu Türkiyə ilə Rusiyanın əsas liqasını demirəm, heç səviyyəcə ikinci liqasında sabit oynamağı bacaracaq futbolçumuz yoxdur. Amma bu ölkədə futbol xarabalığının içində bir "Qarabağ” var. Təkbaşına vuruşur, yıxılır-durur və ardıcıl 12 ildir ki, qitə kuboklarının əsas mərhələsinə qədər yüksəlməyi bacarır. Azərbaycanlı futbol azarkeşləri "Qarabağ”ın sayəsində qitə nəhənglərini Bakıda görür, əsl avrokubok ləzzəti yaşayır.

Bu il də ənənə davam edir. "Qarabağ” topladığı reytinq xalları sayəsində Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başladı. Bu mərhələdə İrlandiya çempionu "Şelburn”u yolumuzdan kənarlaşdırdı. Özü də iki oyunda qapısında top görmədi. Uğurun davamı Şimali Makedoniyada gəldi. Bu dəfə də "quru hesabla” qalib gəldik. Düzdür, yeganə qolumuzu Toral Bayramov penlatidən vurdu. Amma olsun. Yetərincə qol imkanı yaratmışdıq. Birində bəxtimiz gətirmədi, digərində dəqiqlik azca çatmadı. Əsas odur ki, "Qarabağ” vətənə qələbə ilə dönür. Özü də bu qələbə Rumıniya çempionunu məğlub edən komanda ilə oyunda qazanılıb. Heç kim inciməsin, "Şkendiya” "Qarabağ”a rəqib deyil. Olsa-ola, "Sumqayıt”la "Neftçi”nin qorxulu yuxusu ola bilər. Bir də sərsəm Cici Bekalinin komandasının.

"Qarabağ” öz yolu ilə irəliləməkdədir. Onun bu yolla qətiyyətli sərkərdə Qurban Qurbanov aparır. Problemlər də var, nöqsanlar da, boşluqlar da, zəif futbolçular da. Bizim gördüyümüz şeyləri o da görür. Bizdən daha yaxşı, bizdən daha yaxından. Ona ağıl vermək, yol göstərmək sevimli məşğuliyyətimizdir. Pusquda dayanıb, büdrəməsini gözləyənlər də var. Amma o öz yolunu gedəcək. Qətiyyətlə, inamla gedəcək. Adamı rahat buraxın. İmkan verin işinizi görsün. Təkcə "Qarabağ” üçün yox, bütün Azərbaycan üçün. Bu yolun solunda bizi böyük zəfərlər gözləyir. İnanıram!

Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
qaynarinfo.az

1Sources