EN

Cari ilin ilk yarısında təsərrüfatlara dəyən zərərə görə 4,4 milyon manatdan çox sığorta ödənişi edilib

Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13,1 milyon manatdan çox sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 18 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bitkiçilik üzrə sığorta haqqı 13 faiz, heyvandarlıq üzrə sığorta haqqı isə 65 faiz artıb.

Hesabat dövründə təsərrüfatlara dəyən zərərə görə ümumilikdə 4,435 milyon manat sığorta ödənişi edilib. Əkin sahələri üzrə 4,245 milyon manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artıb.

Cari ilin ilk altı ayında Fond tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11,475 milyon manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib.

Hesabat dövründə təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 faiz artıb.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1,64 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19,747 milyon manata çatıb.

2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faizi), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.

Chosen
28
4
vergiler.az

10Sources