EN

Sevinc Hüseynova: ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb

BAKI, 7 avqust. TELEQRAF

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu daha çox praqmatik yanaşma, qarşılıqlı maraqlar üzərində qurulmuş əməkdaşlıqdır. Bu baxımdan ikitərəfli əlaqələr regional sabitliklə bağlı birgə təşəbbüslərlə xarakterizə olunur. Prezident İlham Əliyevin ABŞ-ə səfəri bu xüsusda mühüm önəm kəsb edir. ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən bu səfər tarixi xarakter daşıyır.

Bu sözləri Teleqraf-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun fikrincə, səfər çərçivəsində Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair bir çox msələlərin müzakirə olunacağı gözlənilir: “Həmçinin enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlər də bu səfərdə ətraflı müzakirə olunacaq. Sözsüz ki, bütün bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı siyasət həyata keçirməsi ilə bağlıdır. Mahiyyət etibarı ilə ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçir. Bu mənada səfərin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi baxımından yeni bir mərhələ başlayır. Həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi baxımından da bu səfər xüsusi önəmə malikdir”.

Deputat hesab edir ki,Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr yeni strateji müttəfiqlik modeli kimi önə çıxır: “Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir. Eyni zamanda əlaqələr keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan platformaya keçməsinə imkan yaradır. Bu mənada Prezident İlham Əliyevin ABŞ-yə səfəri yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi də dəyərləndirilir”.

Sevinc Hüseynovaya görə, Prezident İlham ABŞ-in yeni Prezidenti Donald Tramp Administrasiyası ilə bağlı fikirləri də iki ölkə arasında əlaqələrdə olduqca təsirli rola malikdir: “Dövlətimizin başçısı Trampın prezidentliyi dövründə ABŞ-ın yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayıb. Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-ə hazırkı səfəri bu dialoqun diplomatik müstəvidə müsbət nəticələr doğura biləcəyinə əminlik yaradır”.

Chosen
49
teleqraf.com

1Sources