EN

Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirildi

Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirilib.

News24.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bölgələrdə kənd təsərrüfatı və yerli məhsulların təşviqinə həsr olunmuş genişmiqyaslı məhsul festivalları uğurla davam edir. Bu təşəbbüs çərçivəsində növbəti tədbir - “Aqrar Biznes” və “Şaftalı” Festivalı Xaçmaz rayonunda keçirilib.

Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə baş tutub.

Festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialının daha geniş ictimaiyyətə tanıdılması, yerli fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, eləcə də bölgənin aqroturizm imkanlarının inkişaf etdirilməsidir.

Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını – xüsusilə də bölgəyə məxsus, dad və keyfiyyət baxımından seçilən şaftalı sortlarını sərgiləyiblər.

Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.

Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, eləcə də digər dövlət qurumlarının əməkdaşları yer alıb.

Festivalın rəsmi açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək rayonun kənd təsərrüfatı sahəsindəki potensialı və xüsusilə də şaftalıçılıq üzrə zəngin ənənələrindən bəhs edib. O, qeyd edib ki, Xaçmaz rayonu uzun illərdir bu sahədə ixtisaslaşıb və bu istiqamətdə ölkənin ən məhsuldar bölgələrindən biri kimi tanınır. Elnur Rzayev çıxışında belə festivalların təkcə məhsulların tanıdılmasına deyil, həm də istehsalın həcminin artırılması və ixrac imkanlarının genişləndirilməsinə də mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra çixış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov tədbirdə çıxışı zamanı bildirib ki, bu kimi festivallar aqrar sahədə müasir yanaşmaların təşviqi, təcrübə mübadiləsi və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

O, həmçinin vurğulayıb ki,

bu platformalar gənclərin kənd təsərrüfatına olan marağını artırmaqla, aqrar innovasiya və texnologiyaların regionlara inteqrasiyasına da xidmət edir.

“Food City Agrocomplex”in Baş İcraçı direktoru Anar Ağayev çıxış edərək bildirib ki,

Bu gün “Şaftalı Festivalı”nın açılış mərasimində bir araya gəlməyimiz həm regionumuzun kənd təsərrüfatı ənənələrini, həm də gələcəyə baxışımızın, böyük hədəflərimizin göstəricisidir. Yerli istehsalçılarımızın inkişafı dövlətimizin aqrar sahəyə göstərdiyi davamlı dəstək sayəsində sürətlənir. Dövlət qurumları ilə birgə reallaşdırdığımız layihələr yüksək texnologiyaların tətbiqini və ixrac bazarlarının genişləndirilməsini təmin edir. Bu təcrübə fermerlərimizin məhsuldarlığını artırır və onların bazar mövqeyini gücləndirir.

Rəsmi çıxışçılar arasında Azərbaycan Respublikasının Milli məclisinin deputatı Əlibala Məhərrəmzadə, Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı yer alıblar.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi keçirilib. Panel müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi eləcə də banklar və bank olmayan kredit təşkilatları iştirak edib. Müzakirə zamanı subsidiya, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertfikasiya məsələləri və məşğulluq proqramları barədə iştirakçılar ətraflı məlumat verilib.

Festival çərçivəsində, eyni zamanda, fermerlər üçün “Torpağın aqrokimyəvi analizləri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə torpağın məhsuldarlığı və düzgün gübrələmə üsulları barədə praktik məlumatlar təqdim olunub.

Qeyd edək ki, cari ildə Xaçmaz rayonunda ümumilikdə 4240 hektar şaftalı bağı əkilib. Onunda 1160 hektarı intensiv şaftalı bağlıdır. Bu il, hər hektara orta hesabla məhsuldarlıq 60 sentner olub. Məhsul yığımı dönəmində bağlardan 20 min ton şaftalı yığılıb.

Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib.

Yerli sakinlər, turistlər və ailələr üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri tədbirə xüsusi rəng qatıb.

Chosen
50
4
news24.az

5Sources