Sea Breeze

İstifadəçilərdən biri Bakıda fəaliyyət göstərən “Push30” sağlamlıq və idman platformasında abunəlik şərtlərinin sonradan birtərəfli qaydada dəyişdirilməsinə etiraz edir.

Belə ki, 2024-cü ilin dekabrında illik kampaniya çərçivəsində “Push30” platformasından 640 AZN dəyərində illik abunəlik əldə edən istifadəçi, xidmətə daxil olan zalların və giriş saatlarının ilkin müqavilə şərtlərinə uyğun olduğunu yoxlayaraq abunə olub. O, həm yaşadığı, həm də işlədiyi əraziyə yaxın olan “FitCity by Parkhill” zalını seçib və ziyarət saatlarının standart paket daxilində olduğunu əsas götürərək xidmətdən istifadəyə başlayıb.

Lakin cari ilin aprelində müştəriyə bildiriş göndərilərək zalın giriş saatlarının dəyişdiyi və paket daxilində artıq həftə içi günlərində xidmət göstərilmədiyi bildirilib. Bu dəyişiklik nəticəsində istifadəçi həm iş qrafiki, həm də ailə planlamasına uyğun olan zal xidmətindən istifadə edə bilməyib və hər giriş üçün əlavə ödənişlə zal xidmətindən yararlanmaq məcburiyyətində qalıb.

İstifadəçi xidmət göstərilməyən dövrlər və yeni qaydalar fonunda abunəliyin ləğvi və ödənilmiş məbləğin geri qaytarılmasını tələb etsə də, “Push30” şirkəti tərəfindən yalnız 50%-lik cərimə ilə geri qaytarılma təklif olunub. Bu isə vətəndaşın narazılığına səbəb olub. Müştəri bildirir ki, o, abunəlik paketini həmin şərtlərlə əldə edib və şərtlərin sonradan dəyişdirilməsi onun günahı deyil:

“İllik abunəlik əldə edərkən konkret zal və giriş saatları mövcud idi. Mən zalın iş saatlarına əsasən planlamamı etmişdim. Amma indi həmin zal yalnız həftə sonları fəaliyyət göstərir. Bu, mənim üçün həm maddi, həm də praktik çətinlik yaradır. Bununla yanaşı, mən bu vəziyyətə görə cəzalandırılır və ödədiyim pulun yalnız yarısını əldə edə bilirəm. Halbuki bu dəyişiklik şirkətin özündən qaynaqlanır”.

Qeyd edək ki, vətəndaş artıq “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi”nə də müraciət edib. Qurumun ilkin cavabına əsasən, məsələnin məhkəməyə yönləndirilməsi bildirilib. İctimaiyyətdə belə halların artması fonunda mütəxəssislər hesab edir ki, ölkədə idman və sağlamlıq xidmətləri göstərən platformaların müqavilə siyasətləri daha aydın və hüquqi çərçivədə tənzimlənməlidir. Abunəlik sistemi ilə fəaliyyət göstərən şirkətlər isə hər hansı dəyişiklik zamanı istifadəçiləri qabaqcadan məlumatlandırmalı və alternativ təkliflər irəli sürməlidirlər.

Hazırda müştəri ödənilmiş məbləğin tam şəkildə və heç bir cəriməsiz geri qaytarılmasını tələb edir. Məsələ ilə bağlı “Push30”un rəsmi mövqeyi hələlik açıqlanmayıb.

ETX
ETX
ETX