Avqustun 16-da tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Hafta.az xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəki Diyarşünaslıq Muzeyinin, Şəki Rəsm Qalereyasının və Şəki Xan Sarayının birgə təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılıb.
Sərgidə şairin əsərləri əsasında çəkilmiş rəsmlər, Bəxtiyar Vahabzadəyə həsr olunmuş portret xalçalar, ədibin yaradıcılığına həsr edilmiş və özünün müəllifi olduğu kitablar nümayiş olunur.
Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli dövlət başçısının imzaladığı Sərəncama müvafiq olaraq keçirilən tədbirlərin Bəxtiyar Vahabzadə ruhuna, yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib, şairin bütün əsərlərinin ehtiva olunduğu 12 cilddən ibarət "Seçilmiş əsərləri"nin nəşrinə görə Milli Məclisin deputatı Cavanşir Feyziyevə Bəxtiyar ocağı adından minnətdarlığını bildirib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı Bəxtiyar Vahabzadənin yubileyinin ev-muzeyində bu şəkildə əlamətdar qeyd olunmasının xüsusi əhəmiyyətini, belə görüşlərin Şəki üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev deyib ki, hər ilməsi böyük şairə məhəbbətlə toxunan bu xalçalar, onun həyatından müəyyən anları əks etdirən fotoetüdlər, ədibin əsərlərinə həsr olunmuş rəsm tabloları, hər sətri Bəxtiyar dünyasına ehtiramla qələmə alınan tədqiqat əsərləri təkcə yubiley ərəfəsində muzeyi ziyarətə gələn qonaqlara deyil, bütün Bəxtiyarsevərlərə, onun əsərlərinin elmi araşdırması ilə məşğul olan Bəxtiyarşünaslara qiymətli bir ərməğandır. “Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib. Azərbaycan öz müstəqilliyini əldə edib, türk dövlətləri Türk dünyası miqyasında inteqrasiya prosesinə başlayıb və çox böyük uğurlar əldə olunub. Bütün bunlar Bəxtiyar Vahabzadənin ən əziz ideyalarından, arzularından, diləklərindən idi və onların hamısı bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.
Görüşdə Bəxtiyar Vahabzadənin həyat yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, sərgi Xalq şairinin ata yurdunda avqustun sonunadək davam edəcək.