EN

Kreml Paşinyana qarşı hərəkətə keçdi – DETALLAR

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə avqustun 8-nə planlaşdırılmış sammit ərəfəsində Moskva İrəvana qarşı informasiya və siyasi təzyiqlərini kəskin şəkildə artırıb.

Bizim.Media xəbər verir ki, Zəngəzur üzərindən keçəcək, “Tramp marşrutu” adlandırılan nəqliyyat dəhlizi ilə bağlı razılaşmalar, ATƏT-in Minsk Qrupunun buraxılması və Azərbaycanla Ermənistan arasında çərçivə sülh memorandumunun hazırlanması fonunda Rusiya təbliğat maşını Paşinyanı gözdən salmağa yönəlmiş genişmiqyaslı kampaniyaya başlayıb.
 

Bu gərginliyin səbəbləri açıq-aşkardır: ABŞ-ın mərkəzində dayandığı sülh prosesinin yekunlaşdırılması Moskvanın Cənubi Qafqazdakı qalıq təsirini sual altına alır və Rusiyanın postsovet məkanında münaqişələri idarə etmək iqtidarında olmadığını nümayiş etdirir.


Bu arada, qarşıdan gələn razılaşmaların detallarının dərc olunması ilə paralel olaraq Kremlə bağlı media Paşinyanı xalqın legitim dəstəyini itirmiş və dövlət maraqlarını Qərbin təhlükəsizlik təminatları ilə dəyişən siyasi fiqur kimi təqdim edən oxşar arqumentlər yayır.

Əhəmiyyətlisi odur ki, bu ritorika marjinal çevrələrdən deyil, Rusiya ekspert mühitinin federal kanallara çıxışı olan və Prezident Administrasiyası ilə əlaqəli rəsmi nümayəndələrindən gəlir.

Bu isə kampaniyanın birbaşa Lubyanka və ya Staraya ploshad (Kreml Administrasiyası) tərəfindən koordinasiya olunduğunu göstərir.

Məsələn, politoloq Nikita Lyaxoveçki “lenta.ru” saytına müsahibəsində Paşinyanı Qarabağın mənafeyindən imtina etməkdə, Erməni Apostol Kilsəsi ilə əlaqələri pozmaqda və əsas müttəfiq – Rusiya ilə tarixi ittifaqdan uzaqlaşmaqda ittiham edir.

Oxşar ittihamları digər rus ekspertləri – Aleksandr Asafov, Dmitri Solonnikov və Pavel Danilin də səsləndirirlər. Onlar demək olar ki, eyni sözlərlə Paşinyanın dövlət başçısı yox, şəxsi təhlükəsizlik zəmanətləri əldə etməyə çalışan bir şəxs kimi hərəkət etdiyini vurğulayırlar. “Xəyanət”, “Ermənistanın təcridi”, “geosiyasi mövqelərə zərbə” və Zəngəzur dəhlizinin guya ABŞ korporasiyalarına konsessiya ilə verilməsi kimi iddialar bu klassik təbliğat üsulunun tərkib hissəsidir.

Məqsəd – Vaşinqton razılaşmalarını pozmaq və ya heç olmasa gözdən salmaq, Paşinyanı isə siyasi izqoy obrazında təqdim etməkdir.

Bununla belə, Kremlin Ermənistanı təsir altında saxlamaq imkanları xeyli məhduddur. Ermənistan cəmiyyətindəki Rusiya yönlü qüvvələr parçalanmış, ruhdan düşmüş və institusional dayaqlardan məhrumdur. Hərbi güc və ya sərhəddəki təxribatlar, yaxud informasiya sahəsində sabitliyi pozmaq cəhdləri Ermənistan daxilində və siyasi elitalar arasında Moskvaya qarşı daha ciddi etirazlara yol aça bilər.
 

Beləliklə, Rusiya rəhbərliyi tənəzzül edən nüfuz tələsinə düşüb: nə prosesi poza bilir, nə də nəticəsi ilə barışmaq istəyir. Yaxın günlərdə Moskvanın təzyiqləri İrəvana yönəltməsi gözləniləndir – çünki Ermənistan bu prosesdə ən zəif halqadır. Ancaq bu kampaniyanın miqyası özü göstərir ki, Moskva artıq Ermənistan-Azərbaycan münaqişəsində tamhüquqlu vasitəçi deyil.


Bu mənada, Vaşinqton sammiti təkcə müharibənin mümkün sonu yox, eyni zamanda Cənubi Qafqazda Rusiyanın hegemonluq dövrünün bitdiyini simvolizə edir. (Haqqin.az)

Bizim.Media

Chosen
48
50
bizim.media

10Sources