EN

"Qəzza müvəqqəti işğal edib güvənli zona yaradacağıq" - Netanyahu

"Qəzzanı nəzarətə alacağıq, sonra güvənli zona yaradıb geri çəkiləcəyik..."

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı mövqeyi getdikcə aydınlaşır. O, İsrailin yaxın hədəflərini və bölgə ilə bağlı uzunmüddətli planlarını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə o, ABŞ-ın "Fox News" telekanalına verdiyi müsahibələrdə bəyan edib.

Netanyahu bəyan edib ki, İsrail ordusu Qəzza bölgəsini tam şəkildə nəzarətə götürəcək. Lakin bu, daimi işğal anlamına gəlmir. Onun sözlərinə görə, məqsəd bölgədə "təhlükəsizlik qurşağı" yaradaraq, gələcəkdə İsrailə qarşı mümkün təhlükələrin qarşısını almaqdır. "Biz ora daxil olacağıq, amma orada qalmaq niyyətində deyilik", - o, deyib.

Baş nazir vurğulayıb ki, biz ora idarə etmək üçün yox, təhlükəsizlik üçün giririk. Qəzzada uzunmüddətli nəzarət düşünmürük". O, həmçimin bildirib ki, münaqişə başa çatdıqdan sonra Qəzzada idarəetmə səlahiyyəti İsrailə təhdid yaratmayacaq və bölgəni effektiv şəkildə idarə edə biləcək ərəb qüvvələrinə ötürüləcək. Bu keçid mərhələsində müvəqqəti hökumət qurulması planlaşdırılır.

"Hədəfimiz HƏMAS-ın məhvi və girovların qaytarılmasıdır"

Netanyahunun fikrincə, əməliyyatın iki başlıca məqsədi var: HƏMAS-ı tamamilə sıradan çıxarmaq və girov götürülmüş bütün israilliləri geri qaytarmaq. O, bildirib ki, əgər HƏMAS dərhal silahı yerə qoyub, bütün girovları qeyd-şərtsiz azad etsə, müharibə sabah belə bitə bilər. Bundan əlavə, İsrail baş naziri ilk dəfə olaraq daha yumşaq ritorika ilə Qəzza əhalisinə də müraciət edib. "Biz mülki şəxsləri HƏMAS-dan ayırmalıyıq. Bu fərqi görürük və buna uyğun davranırıq", - o, deyib.

Müxalifət tənqid edir

Netanyahunun bu bəyanatları ölkə daxilində birmənalı qarşılanmayıb. Müxalifət lideri Yair Lapid onu sərt şəkildə tənqid edərək bildirib ki, Netanyahu daha çox müharibə, daha çox girovun ölümü və milyardlarla şekelin xülyalara sərf olunmasını vəd edir. Lapidə görə, hökumətin hərbi ritorikası və qeyri-müəyyən gələcək planları İsraili daha böyük bir bataqlığa sürükləyə bilər.

Netanyahunun son açıqlamaları göstərir ki, İsrail hökuməti Qəzza bölgəsində hərbi hədəflərə sadiq qalmaqla yanaşı, bölgənin gələcəyi üçün də müəyyən siyasi konturlar çəkməyə başlayıb. Lakin bu planlar nə qədər real və davamlı olacaq - bu, təkcə İsrailin deyil, regional güclərin və beynəlxalq cəmiyyətin mövqeyindən də asılı olacaq.

Chosen
15
moderator.az

1Sources