Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçını keçirib.
“Eqnatiya” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə mübarizə aparır. Sözügedən komandalar arasındakı ilk görüş Sloveniyada keçirilib. Albaniya komandası bu oyundan 0:0 hesablı heç-heçə ilə ayrılmaqla cavab görüşü öncəsi kiçik üstünük qazanıb. Bu qarşılaşmada start heyətində yer almış Əliyev sonadək mübarizə aparıb.
Tərəflər arasında cavab görüşü avqustun 14-də Albaniyada baş tutacaq.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 48 oyuna çıxıb, 1 qola imza atıb.
Zamiq daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.