EN

Almaniyada son rəy sorğusuna qatılanların üçdə ikisi hökumətin fəaliyyətindən razıdır

Berlin, 8 avqust, AZƏRTAC

Almaniyada ARD televiziyasının apardığı rəy sorğusuna qatılanların 32 faizi Kansler Fridrix Mertsin fəaliyyətindən razı olduğunu ifadə edib. Bu, ötən ayla müqayisədə 10 faiz azdır.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, sorğuda iştirak edənlərin 65 faizi Kanslerin fəaliyyətindən narazı olduğunu bildirib. Respondentlərin 26 faizi Kanslerə güvəndiyini, 66 faiz ona etibar etmədiyini deyib.

Sorğunun nəticələrinə əsasən, hökumətin digər üzvlərinin reytinqləri də aşağıdır. Bu göstərici xarici işlər naziri Yohan Vadefulda 31 faiz, maliyyə naziri Lars Klinqbaylda 30 faiz, daxili işlər naziri Aleksander Dobrindt və əmək naziri xanım Berbel Basda 26 faiz olub.

Ən populyar siyasətçi 60 faiz səslə müdafiə naziri Boris Pistorius olub. Ondan sonra 38 faiz dəstəklə Bavariyanın Baş naziri Markus Söder gəlir.

Respondentlərin yalnız 29 faizi hökumətin fəaliyyətindən razı olduğunu qeyd edib. Ötən ay bu göstərici 10 faiz çox olub. Sorğu iştirakçılarının 69 faizi hökumətin fəaliyyətindən narazı olduğunu ifadə edib ki, bu da əvvəlki ayla müqayisədə 15 faiz çoxdur.

Koalisiya hökumətində yer alan partiyaların mövqeləri də zəifləyib. Bu göstərici Xristian Birlik blokunda (CDU/CSU) 27 faiz (seçkilərdəkindən 1,5 faiz az), Sosial Demokrat Partiyasında (SPD) isə 13 faiz (-3,4 faiz) olub. Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqi seçkilərdən sonra 3,2 faiz artaraq 24 faizə çatıb. Digər partiyalardan Yaşıllar 12 faiz, Sol partiya 10 faiz, Azad Demokrat Partiya (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) isə müvafiq olaraq 4 və 3 faiz səs toplayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
6
2
azertag.az

3Sources