Hindistanın bir neçə iri dövlət neft emalı zavodu Rusiya neftinin alışını müvəqqəti dayandırmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu qərar ABŞ-ın artan təzyiqi və yeni idxal rüsumlarının tətbiqi ilə bağlıdır.
Rusiya nefti üçün tenderləri dayandıran şirkətlər arasında "Indian Oil Corp", "Bharat Petroleum Corp" və "Hindustan Petroleum Corp" var. Onlar Hindistan hökumətindən rəsmi göstəriş almayana qədər satınalma prosedurlarını açmağı planlaşdırmırlar. Agentlik qeyd edib ki, bunun əvəzinə Indian Oil Corp artıq ABŞ, Braziliya və Liviyadan təxminən 5 milyon barel neft alıb.
Treyderlər Vaşinqton və Yeni Dehli arasındakı gərginliyin tədarük həcminə necə təsir edəcəyini və Rusiyanın Hindistan neftayırma zavodlarından gələn hər hansı potensial azalmanı kompensasiya edə biləcəyini görmək üçün vəziyyəti diqqətlə izləyirlər.
Hindistan hökumətindən Rusiya neftinin alınmasını dayandırmaq üçün heç bir rəsmi göstəriş verilməyib. Bununla belə, "Bloomberg" daha əvvəl bildirmişdi ki, ölkə hakimiyyəti dövlət şirkətlərindən Rusiyadan idxalın dayanacağı təqdirdə alternativ xammal mənbələri üzrə planlar hazırlamağı xahiş edib.
Analitiklər qeyd ediblər ki, Hindistan neft emalı zavodları adətən neft partiyalarını çatdırılmadan 1,5-2 ay əvvəl sifariş edir, ona görə də alışda fasilə oktyabrda Rusiyanın Urals neftinin tədarükünə təsir edə bilər. Eyni zamanda, alışların tamamilə dayandırılması ehtimalı azdır, lakin qiymətlərin azalması ABŞ, Yaxın Şərq və Afrikadan neftə tələbatı artıra bilər.