EN

Almaniyada polisin smartfonlarda izləmə proqramlarından istifadəsi məhdudlaşdırılıb

Almaniyanın Federal Konstitusiya Məhkəməsi hüquq-mühafizə orqanlarının “WhatsApp” və digər messencerlərdə yazışmaları izləməyə imkan verən dövlət troyanları adlanan proqramlardan istifadəsini məhdudlaşdırıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının bu proqramlardan gizli istifadə etmək səlahiyyətləri konstitusiyaya qismən ziddir. Məhkəmə qeyd edib ki, indi maksimal üç ilədək həbs cəzası nəzərdə tutan cinayətlərlə bağlı izləməni tətbiq etmək olmaz. Bundan əlavə, məhkəmə müstəntiqlərin şübhəli şəxslərin kompüter və smartfonlarının onlayn monitorinqini gizli şəkildə aparmaq səlahiyyətlərinin Almaniyanın Əsas Qanununa qismən zidd olduğu qənaətinə gəlib.

Şübhəli şəxsin kompüterinə və ya smartfonuna onun xəbəri olmadan quraşdırılan izləmə proqramı dövlət troyanı adlandırılır. 2017-ci ildə Cinayət Prosessual Məcəlləsinə edilən düzəlişlərdən sonra polis ondan “WhatsApp” və “Telegram” kimi messencerlərdə şifrələnmiş mesajların oxunması və ya hətta cihazdakı bütün məlumatların axtarılması (onlayn axtarış) kimi müəyyən cinayətləri araşdırmaq üçün istifadə edə bilər. Məhkəmə qərara gəlib ki, ilkin məlumatların izlənilməsi əsas insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Beləliklə, polis indi yalnız xüsusilə ağır cinayət hallarında smartfonlara izləmə proqramlar quraşdıra biləcək. Federal Konstitusiya Məhkəməsi izah edib ki, cinayətlərin ağırlığı cinayət təqibi tədbirlərinin qəbulu üçün həlledici əhəmiyyət kəsb edir.

İstintaqa hüquq müdafiəçilərinin Federal Konstitusiya Məhkəməsinə etdiyi şikayətlər əsasında başlanılıb. Statistikaya görə, 2023-cü ildə məxfi onlayn izləməyə icazə verən ümumilikdə 104 məhkəmə qərarı verilib. Onlardan 62-si faktiki icra olunub. Onların əksəriyyəti cinayət təşkilatı yaratmaq ittihamları ilə bağlı olub.

Chosen
16
1
sia.az

2Sources