İsrailin təhlükəsizlik kabineti Qəzzaya nəzarəti ələ keçirmək planını təsdiqləyib. Bundan əvvəl baş nazir Benyamin Netanyahu bütün Qəzza zolağına nəzarəti ələ keçirmək istədiyini bildirsə də, təsdiqlənmiş planda yalnız Fələstinin ən böyük anklavı olan Qəzza şəhəri diqqət mərkəzindədir.Vətəninfo.az xəbər verir ki , bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, Netanyahunun ofisi Təhlükəsizlik Kabinetinin iclasında Qəzza şəhərinin işğalı və müharibənin dayandırılması üçün beş prinsipin təqdim edildiyini açıqlayıb. Təhlükəsizlik Kabineti planı səs çoxluğu ilə qəbul edib.
“İsrail Müdafiə Qüvvələri döyüş bölgələrindən kənarda mülki əhaliyə humanitar yardım göstərərkən Qəzza şəhərini işğal etməyə hazırlaşacaq”, – İsrail baş nazirinin dəftərxanasının bəyanatında deyilir.
Daha sonra müharibəyə son qoymaq üçün aşağıdakı beş prinsip təqdim olunur: Həmas-ın tərksilahı, ölü və diri bütün girovların geri qaytarılması, Qəzza zolağının demilitarizasiyası, Qəzza zolağında İsrailin təhlükəsizlik nəzarəti və nə Həmas, nə də Fələstin Muxtariyyəti olmayan alternativ mülki hökumətin yaradılması.
Bundan əvvəl BMT xəbərdarlıq etmişdi ki, hərbi əməliyyatların genişləndirilməsi fələstinli mülki əhali və israilli girovlar üçün fəlakətli nəticələrə səbəb ola bilər.