EN

İxtisas seçiminin müddəti minimum 14 günə qaldırılmalıdır - Kamran Əsədov

2025-ci ildə ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi əvvəlki illərlə müqayisədə daha qısa zaman çərçivəsində keçirilir ki, bu da planlaşdırma və qərarvermə mexanizminə ciddi təsir göstərir. Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü sayını və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçasını hələ proses başlamadan ən azı 10 gün əvvəl yayımlamalı olduğu halda, faktiki olaraq bu materiallar abituriyentlərin əlinə gec çatır. Nəticədə minlərlə gənc üçün həm məlumat toplama, həm də seçimləri təhlil edərək ardıcıllıqla yazma imkanı məhdudlaşır. Halbuki “Təhsil haqqında” Qanunun 5.2-ci maddəsində dövlətin təhsil alanlara informasiya əlçatanlığını təmin etməsi açıq şəkildə qeyd olunur və bu tələb imtahan-administrativ prosedurlara da şamil edilir.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, statistik göstəricilər göstərir ki, 2024-cü ildə ali məktəblərə ixtisas seçimi üçün 13 gün ayrılmışdı, kolleclərə qəbulda isə seçim müddəti 12 gün idi. Bu il isə 9 gün vaxt verilir. Təcrübə sübut edir ki, seçim müddətinin azaldılması qəbul nəticələrinin optimallaşmasına deyil, əksinə, plan yerlərinin boş qalmasına gətirib çıxarır. Məsələn, ötən il bəzi ixtisaslarda 200-dən çox boş yer qaldığı halda, həmin sahələrdə dövlət sifarişi yerlərinin dolma faizi 70-i keçməmişdi. Buna səbəb tələbə axınının düzgün yönləndirilməməsi və informasiya çatışmazlığı idi.

Dünya təcrübəsində, məsələn, Türkiyədə YKS nəticələrindən sonra ixtisas seçimi üçün 15 gün ayrılır, ÖSYM tərəfindən “Tercih Kılavuzu” nəticələr elan olunan gün yayımlanır, universitetlərin təqdimat günləri, onlayn tanıtım videoları və canlı konsultasiya xətləri aktivləşdirilir. Almaniyada “Hochschulstart” portalı vasitəsilə ixtisas seçimi üçün 3-4 həftəlik pəncərə verilir, tələbələrə əlavə sorğu və düzəliş mərhələləri təqdim olunur. Azərbaycan isə bu sahədə geri qalır, çünki nə Elm və Təhsil Nazirliyi, nə də DİM abituriyentlərə planlı şəkildə maarifləndirici dəstək göstərir.

Bəzi prioritet sahələr üzrə dövlət sifarişi yerlərinin artırılması nəzərdə tutulub

Mütəxəssis müsbət tərəf kimi onu qeyd edib ki, 2025-ci ildə bəzi prioritet sahələr üzrə dövlət sifarişi yerlərinin artırılması nəzərdə tutulub, xüsusilə mühəndislik, informasiya texnologiyaları və təhsil texnologiyaları istiqamətində. Bu, əmək bazarının real tələblərinə qismən uyğundur. Lakin mənfi tərəf ondan ibarətdir ki, bu dəyişikliklər barədə məlumat vaxtında açıqlanmadığı üçün abituriyentlər strategiyalarını öncədən qura bilmir. Əmək bazarı ilə şəxsi maraq arasında balans yaratmaq üçün tələbəyə öncədən məlumat lazımdır. Bu məlumatların gecikməsi nəticəsində orta bal toplayan abituriyentlər riskli seçimlər edir, nəticədə qəbul ola bilməmək ehtimalı artır.

İxtisas qruplarının spesifikası nəzərə alınmadan edilən seçimlər gələcək peşəkar uğursuzluqlara səbəb olur. Məsələn, I qrupda mühəndislik və texniki ixtisaslar üzrə qəbul balı yüksək qalmaqda davam edir, lakin bu sahələrin gələcək iş bazarında yerinin möhkəm olması faktı dəyişməzdir. II qrupda hüquq və iqtisadiyyat kimi sahələrdə bazar doyum səviyyəsinə yaxınlaşdığı halda, logistika və gömrük ixtisasları daha perspektivlidir. III qrupda pedaqoji ixtisaslarda boş yerlərin qalması ənənəvi haldır, çünki əmək şəraiti və maaş siyasəti gəncləri bu sahəyə cəlb etmir. IV qrupda isə tibb ixtisaslarının yüksək rəqabəti dəyişməz olaraq qalır, amma burada da təhsil müddətinin uzunluğu və maliyyə yükü seçim davranışına təsir edir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə planlı marifləndirmə işləri aparmadığı üçün ölkə üzrə ixtisas seçimi hələ də “informasiya qıtlığı” şəraitində gedir. Nazirliyin illik təhsil təqvimində ixtisas seçimi prosesi üçün ayrıca, dəqiq tarixlər və informasiya strategiyası yoxdur. Proqnoz modelləri işlənmir, qəbul sonrası boş qalan yerlərin səbəbləri sistemli şəkildə təhlil edilmir. DİM isə texniki icraçı funksiyasından çıxaraq informasiya idarəetməsini də öz üzərinə götürməyə çalışır, amma bu işi vaxtında görmür. Bu, artıq texniki səhv yox, idarəetmə problemi və vəzifə öhdəliklərinin yerinə yetirilməməsidir.

Əgər bu yanaşma dəyişməzsə, qarşıdakı illərdə ali məktəblərdə on minlərlə plan yerinin boş qalması, regional universitetlərin dolma faizinin kəskin azalması və əmək bazarında ixtisas-işçi uyğunsuzluğunun artması qaçılmaz olacaq. Bunun qarşısını almaq üçün ixtisas seçimi müddəti minimum 14 günə qaldırılmalı, “Abituriyent” jurnalı və statistik məlumatlar nəticələr elan olunan gün yayımlanmalı, universitetlərin onlayn təqdimat sessiyaları təşkil olunmalı və regionlarda fiziki konsultasiya mərkəzləri aktivləşdirilməlidir. Əks halda, hər il təkrarlanan bu səhvlər Azərbaycan təhsilinin keyfiyyətinə və gənclərin gələcək həyat planlarına düzəlməsi çətin zərbələr vuracaq.

Chosen
8
ikisahil.az

1Sources