EN

Mingəçevirdə Regional Universitet-Sənaye Birliyi Sammiti keçiriləcək

Bakı, 8 avqust, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU), “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platforma olan Regional Universitet-Sənaye Birliyi Sammiti (Careerhub) keçiriləcək.

MDU-dan AZƏRTAC-a bildirilib ki, "Regiondan Qlobala" konsepti ilə oktyabrın 24-də Mingəçevir şəhərində keçirilməsi planlaşdırılan tədbir Azərbaycanın müxtəlif bölgələrindən və digər ölkələrdən gələn müəssisə və təşkilatların nümayəndələrini bir araya gətirərək, universitet-sənaye əməkdaşlığının genişləndirilməsini və gənclərə yeni iş və təcrübə imkanlarının yaradılmasını hədəfləyir. Tədbirin məqsədi universitetlər və sənaye nümayəndələri arasında körpü qurmaq, regionlarda insan kapitalını inkişaf etdirmək və gənclərə gələcəyin peşəkar dünyasına birbaşa daxil olmaq üçün şərait yaratmaqdır.

Tədbir müxtəlif sektorlardan nümayəndələrin bir araya gəlməsi ilə ziyarətçilərə geniş imkanlar təqdim edəcək. Karyera sərgisində iştirakçılar böyük şirkətlər və dövlət qurumlarının müxtəlif iş və təcrübə imkanları ilə tanış olacaqlar. Gənc təşəbbüskarlar üçün isə startap təqdimatları təşkil olunacaq, bu da onlara öz ideyalarını təqdim etmək və potensial investorlarla əlaqə qurmaq imkanı verəcək. Sammitdə sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələri keçiriləcək, təhsil və sənaye sahələrindəki yeni trendlər müzakirə olunacaq. Son olaraq, müxtəlif sahələrdən olan müəssisələr və universitetlər arasında strateji əməkdaşlıq fürsətləri təqdim ediləcək.

Ümumilikdə sammitə 100-dən çox şirkət və müəssisə, 10 mindən çox insanın qatılacağı gözlənilir.

 

Chosen
16
5
azertag.az

6Sources