EN

Əlcəzair diplomatik pasportu olan Fransa vətəndaşlarına viza rejimi tətbiq edir

Bakı, 8 avqust, AZƏRTAC

Əlcəzair rəsmi Parisin addımlarına cavab qismində adekvat qərar qəbul edib. Belə ki, artıq diplomatik pasportu olan Fransa vətəndaşlarına da viza rejimi tətbiq olunacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Əlcəzair XİN-in şərhində Fransanın dövlət başçısı Emmanuel Makronun əlcəzairlilərə qarşı daha sərt addımların atılması və onların viza güzəştlərinin ləğv edilməsi ilə bağlı bəyanatları xatırladılıb. “Əlcəzair heç vaxt bu ikitərəfli razılaşmanın pozulmasının təşəbbüskarı olmayıb, həmin məsələ Fransa tərəfindən gündəmə gətirilib”, -deyə bəyanatda vurğulanıb.

Əlcəzair XİN əlavə edib ki, Fransanın Əlcəzair vətəndaşlarının diplomatik pasportla gediş-gəlişini məhdudlaşdırması qarşı tərəf üçün adekvat addım atmaq fürsəti yaradıb.

Emmanuel Makron avqustun 6-da Fransanın Baş naziri Fransua Bayruya yazdığı məktubda qeyd edib ki, Əlcəzair ilə gərgin münasibətlər fonunda rəsmi Parisin daha sərt tədbirlər görməsi zərurəti meydana çıxıb. O iddia edib ki, Əlcəzair rəsmiləri münasibətlərin normallaşdırılması üzrə müraciətlərə cavab verməyib və Fransanın daha sərt addımlar atmaqdan başqa çarəsi qalmayıb. Makron əlavə edib ki, Əlcəzairin diplomatik pasport sahiblərinə viza güzəştinin verilməsinə dair 2013-cü ildə imzalanmış saziş ləğv edilir və o, bu barədə qarşı tərəfin müvafiq orqanlarına məlumat verməyi Baş nazirə tapşırıb.

Bundan əvvəl, aprelin 14-də Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarmışdı və buna cavab verən rəsmi Paris öz səfirini geri çağıraraq 12 əlcəzairli səfirlik əməkdaşını “persona non qrata” elan etmişdi.

Chosen
1
azertag.az

1Sources