EN

“AzerGold”da korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

“AzerGold” QSC-də bu qurumun əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə üzrə uyğunluğun təmin edilməsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təşkil olunub. Antikorrupsiya davranış modelinin formalaşdırılması və bu sahədə savadlılığın artırılması, korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məqsədilə keçirilən seminarda QSC-nin aparatında çalışan və bütün struktur bölmələri təmsil edən əməkdaşlar iştirak ediblər.

Seminar zamanı təlimçilər tərəfindən “AzerGold” QSC-nin korrupsiyaya qarşı mübarizəyə dair siyasəti əməkdaşların diqqətinə çatdırılıb, eləcə də korrupsiyanın mənfi təsirləri, onunla mübarizənin vacibliyi və effektiv üsulları barədə ətraflı məlumat verilib, yerli və beynəlxalq təcrübələrə əsaslanan nümunələr əsasında müzakirələr aparılıb. Seminar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs olunub, gələcəkdə icrası nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, seminar sual-cavab formatında davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinə şərait yaradır. Eyni zamanda, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiyanın ifşa edilməsində effektiv nəzarət mexanizmlərinin tətbiqinə xidmət edir.

Chosen
54
14
azerbaijan-news.az

10Sources